Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak ediblər.
Tədbir çərçivəsində regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olub.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, Şuşada keçirilən Azərbaycan–Türkiyə beyin mərkəzləri forumu hər iki ölkənin əməkdaşlığının daha da gücləndiyini göstərir.

“Forumda regional təhlükəsizlik, enerji layihələri, iqtisadi əməkdaşlıq və informasiya müharibəsi kimi mövzular müzakirə olunur. Eyni zamanda, bu tədbir Şuşanın vacib siyasi və mədəni mərkəz kimi rolunu daha da artırır”, – deyə deputat bildirib.
Naqif Həmzəyev əlavə edib ki, Azərbaycan–Türkiyə arasındakı strateji tərəfdaşlığın beyin mərkəzləri səviyyəsində dərinləşməsi regiondakı təhlükəsizlik arxitekturasına və gələcək əməkdaşlıq modellərinə yeni imkanlar yaradacaq:
“Bu forum həm elmi, həm də texnoloji sahədə təcrübə mübadiləsi üçün əhəmiyyətlidir. İştirakçı ölkələr burada əldə edilən bilik və strategiyaları gələcək layihələrdə tətbiq edə biləcəklər”.
Gununsesi.info-ya danışan politoloq Turan Rzayev vurğulayıb ki, Şuşada keçirilən Azərbaycan–Türkiyə beyin mərkəzləri forumu indiki məqamda çox vacib addımdır:

“Son zamanlarda Türkiyə–Azərbaycan münasibətləri strateji müttəfiqlik baxımından ən üst səviyyəyə yüksəlsə də, təəssüf ki, bir sıra neqativ insidentlər də olub. Xüsusilə Azərbaycanın İsrail siyasəti Türkiyədə düzgün dərk olunmur. Paralelində, Türkiyədəki bir sıra sağ-mühafizəkar qruplar Azərbaycanı tənqid edirlər. Bu isə yenə İsrail məsələsi ilə bağlıdır.
Təəssüf ki, bu gün Azərbaycan Türkiyə mediasında yaxşı səviyyədə tanınmır. Bu baxımdan, bu cür forumların keçirilməsi çox vacibdir. Qarşılıqlı şəkildə tərəflərin fikir mübadiləsi aparması, ümumiyyətlə tezislərin müəyyən edilməsi, ortaq siyasi maraqlar çərçivəsində açıqlamaların verilməsi və şərh-təhlillərdə bu tip məsələlərə fokuslanılması böyük əhəmiyyət daşıyır”.
Şuşa Forumunun perspektivlərinə də toxunan politoloq onu da qeyd edib ki, belə tədbirlər tərəflər arasında elm, texnologiya və informasiya sahəsində daha sıx əməkdaşlıq üçün zəmin yaradır:
“Bundan əlavə, forum ölkələrarası strateji dialoqu gücləndirərək regionda sülh və təhlükəsizlik mexanizmlərinin formalaşmasına xidmət edə bilər. Gələcəkdə forumun daha müntəzəm keçirilməsi iki ölkənin beyin mərkəzləri arasında davamlı təcrübə mübadiləsinə imkan yaradacaq.
Azərbaycan özündə də Türkiyənin bəzi məqamları düzgün başa düşülmür. Buna görə hər iki tərəfin beyin mərkəzlərinin qarşılıqlı dialoqu və görüşləri bu məsələdə çox vacibdir və xüsusilə də ölkə münasibətlərini pozmağa çalışacaq ehtimal qüvvələrə qarşı bir vəhdətin formalaşdırılması və vahid fikir formalaşdırılması mühüm əhəmiyyət daşıyır”.

Gülxanım Əliyeva













