Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis Amnistiya Aktı qəbul edəcək. Qeyd edək ki, bu Amnistiya Aktı əvvəlkilərindən iki dəfə çox məhkumu əhatə edəcək.
Bu isə təcridxanalarda və cəzaçəkmə müəssisələrindəki sıxlığın aradan qaldırılması deməkdir.
Qeyd edək ki, Azərbaycan Avropa Şurasının Həbsxana Əhalisinə dair hesabatında məhbus sayına görə bu quruma üzv dövlətlər içərisində ilk yerləri tutur.
Zaman-zaman Penitensiar sistemdəki durumla bağlı çıxışlar edən, təkliflər verən deputat Naqif Həmzəyev də Gununsesi.info-ya açıqlamasında Amnistiya Aktının böyük addım olduğunu deyib: “Əslində “Konstitusiya və suverenlik ili” çərçivəsində bu gözlənilən idi. Cənab prezident bu qərarı ilə bir daha öz siyasətində humanizm və mənəvi dəyərlərə böyük yer ayırdığını ifadə etmiş oldu. Bu həm də hökumətin yükünü azaltmış oldu. Zaman-zaman Azərbaycanda məhbus sıxlığından danışılırdı. Bu amnistiya ilə 5 mindən yuxarı məhkum azadlığa çıxacaq. Həbsxanalardan və cəzaçəkmə müəssisələrindən 5 min adamın çıxması ciddi rəqəmdir və bu, Penitensiar Xidmətin yükünü azaltmış olacaq”.
Firuzə Mahmudova
Gununsesi.info













