“Böyük Qayıdış”: Azərbaycan öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirəcək - FOTO

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycan Prezidentinin yürütdüyü siyasətin əsas  prioritetini təşkil edir.  “Böyük Qayıdış” proqramının uğurla və vaxtında həyata keçirilməsi üçün 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub və bu prioritetin reallaşdırılması üçün 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilib.

Gününsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, bu proqramı əsasən,  əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədlərinə xidmət edir.

“Proqram üzrə tədbirlərin infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf-mühitin tarazlı inkişafı üzrə müəyyən edilmiş hədəf göstəricilərinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur”, – o bildirib.

İlham Məmmədov

Deputat qeyd edib ki, artıq  “Böyük Qayıdış” prosesinə başlanılıb və bu proqram uğurla  icra olunmaqdadır:

“Uğurla icra edilən proqramlar nəticəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 mindən artıq  köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır”, – deyə o əlavə edib.

Deputat bildirib ki, 2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən, “Böyük Qayıdış”a dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.

“2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılmışdır. Cari ilin dövlət büdcəsində sözügedən Proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq”, – o bildirib.

“Azərbaycan 44 günlük müharibə nəticəsində öz torpaqlarını azad edib, ərazi bütövlüyünü təmin etməklə tarixi inkişafının yeni  irimiqyaslı bərpa-quruculuq  mərəhələsinə qədəm qoyub. İkinci Qarabağ müharibəsində qələbə çalan  Azərbaycanın qarşısında duran ən  vacib məsələ öz doğma yurdlarından didərgin düşən  vətəndaşlarımızın öz evlərinə qayıtmasını təmin etmək idi və bu məqsədlə  cənab Prezidentin sərəncamı ilə  “Böyük Qayıdış” proqramı qəbul olunub. Hazırda  həmin proqram uğurla icra olunmaqdadır və insanlarımız artıq öz doğma yurdlarında yerləşməkdədir. Bir sözlə, işağldan azad olunan ərazilərdə həyat yenidən öz əvvəlki məcrasına dönməkdədir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib.

Deputatın sözlərinə görə, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülməkdədir.

Əliabbas Salahzadə

“Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır”, – o qeyd edib.

Deputat əlavə edib ki, “Böyük Qayıdış” proqramı Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan yararlanmaqla, innovasiyalar tətbiq etməklə bərpa-quruculuq işləri aparır:

“Bu  da “Böyük Qayıdış” nəticəsində  insanlarımızın layiqli və dayanıqlı məskunlaşmanın təmin olunmasına əlverişli şərait yaradır.

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da qarşıda duran hədəflərə çatmaq yolları əksini tapıb. Bu proqramı çərçivəsində görüləcək işlər  təkcə məcburi köçkünlərin öz yurdlarına dönüşü deyil, eyni zamanda onların geri döndükdən sonra  daimi iş yerləri ilə təmin olunması, təhsili, sosial məsələlərin həlli əksini tapıb. Proqram, eyni zamanda, ən qısa zamanda işğaldan azad olunmuş ərazilərdə  iqtisadi fəallığın təmin olunmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına, minalardan təmizlənməsinə nail olmaqdır.

Bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və “Böyük Qayıdış” prosesinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni quruculuq tədbirləri də istər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə və intibahına, istərsə də milli yaddaşımızın bərpasına, Azərbaycanın zəngin tarixi ənənələrinin və milli-mənəvi dəyərlərimizin dünyaya təqdim olunmasına müstəsna töhfə verməkdədir.

Əminliklə qeyd etmək lazımdır ki,  30 illik işğala 44 gündə son qoyan və hazırda Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru ən gözəl məkana çevirməklə, “Böyük Qayıdış”ı ən yüksək səviyyədə reallaşdırmaqla bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin real nəticəsi olan “Böyük Qayıdış” çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevriləcək”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info