
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell blokada altındakı Qəzza zolağında qan tökülməsinə son qoymağa çağırıb.
Gununsesi.info-nun xəbərinə görə, Borrell qeyd edib ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ona Qəzza zolağındakı vəziyyət barədə şəxsən məlumat verib. Birlik Ali Nümayəndəsi bildirib ki, Qəzzada yüz minlərlə insan evsizdir, qida almağa çıxışı yoxdur və eksklavdakı şərait “dəhşətli”dir.
Aİ nümayəndəsi həmçinin İsrail ordusu ilə Livanın Hizbullah hərəkatı arasında toqquşmalar, eləcə də Qırmızı dənizdə gərginliyin artması nəticəsində yarana biləcək regional münaqişə riskinin qarşısının alınmasının vacibliyini qeyd edib.
Borrelin fikrincə, münaqişənin başqa ölçülər almaması üçün hər şey edilməlidir. Aİ-nin ali nümayəndəsi hesab edir ki, buna nail olmağın yeganə yolu İsrail və Fələstin arasındakı münaqişənin siyasi həllini tapmaqdır.
Borrel Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə də görüşdüyünü və həmsöhbətin Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün səylərin davam etdirilməsinin zəruriliyi ilə bağlı fikirlərini bölüşdüyünü bildirib.
Bir gün əvvəl Borrel Ər-Riyadda Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Qasim Məhəmməd əl-Budeivi ilə görüşüb.
Gununsesi.info