BMT: İsrailin zərbələri nəticəsində 338 mindən çox Qəzza sakini evlərini tərk edib

İsrailin hava hücumları nəticəsində Qəzza zolağında 338 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (UNOCHA) məlumatında deyilir.

BMT-nin baş katibi bundan əvvəl Qəzza zolağının 220 min sakininin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) məktəblərinə sığınıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

Medianın İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, son hücumlar nəticəsində azı 1200 israilli ölüb, 2600-dən çoxu yaralanıb.

Bu arada Fələstin Səhiyyə Nazirliyi 1200 nəfərin Qəzza zolağında İsrail hücumlarının qurbanı olduğunu, daha 5 min fələstinlinin isə yaralandığını bildirib.

Qeyd olunur ki, İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinə hücumları nəticəsində 21 nəfər ölüb, 130 nəfər yaralanıb.

Bundan başqa, 8 jurnalist İsrailin Qəzzaya endirdiyi zərbələrin qurbanı olub.

Səid Əhmədli
Gununsesi.info