
Yazmalıyam… necə və haradan başlayaraq?!
Axı heç dərk də etmirəm.. gecə-gündüzə qarışıb, günlər bir-birinin davamıdır, uzandıqca uzanır. Mən elə həmin andayam, elə həmin də yerdə. Qapımızın kandarında, qolumdakı saat 17:49-da donub.
Həyətimizdə 2 təcili yardım avtomobili dayanıb, ikinci Reanimasiya birqadası mənimlə eyni anda köməyə yetişməyə çalışır, evin qapısından birinci briqadanın həkimi çıxır və “siz gəldiniz?!” digər kolleqalarına xitabən. Sonra rəfiqəmə dönür: -Qızı sizsiniz? Rəfiqəm də önümdə nəhəngləşdikcə, nəhəngləşir.
Həkimin donmuş üz ifadələrini məndən gizlətməyə çalışır. Arxamda qəribə hənirti hiss edirəm. Arxamda da iş yoldaşım dayaq rolu üçün hazır vəziyyətdədir. Hamı öz rolunu müəyyən edib artıq.
Həkim: “Gecdir, dünyasını dəyişib.”… Dünyanın min bir hissini yaşadım. Və ya yaşadımmı?!
Dünya ilə əlaqəm kəsildi, amma bir neçə dəqiqəlik.. Nə, necə, mənim papam, nə vaxt?! Mən gün ərzində 4 dəfə telefonu əlimə götürüb ona zəng etmək istəyəndə gələn zənglər o zəngi təxirə salarkən, yoxsa mən uzun müddətdən sonra nahar edərkən, yoxsa efirə qoşulmaq üçün saçıma tumar çəkərkən canı ilə əlləşirmiş atam? Mən bu sualların heç birinin cavabını bilmirəm. Xəstələnəndə həmişə çox gümrah səslə deyərdi :
“Narahat olma, mənə heçnə olmaz, mən hamıdan xəbərsiz öləcəyəm”.
Çox sözünü tutmuşdun, amma son sözünə dəqiqliklə əməl etdin.
Bizdən xəbərsiz öldün ATA.. bunu həyatımızın sonuna qədər özümüzə bağışlamayacağıq. Adam da yataraq ölər?! Adam da bu boyda nəhəng ölər heç?!
Heç üzünü görmədim, qorxdum da üzünə baxmağa səni elə xatırlamayım deyə.
Yeni ili birgə keçirməmişdik, 12-yə qalmış oyanıb, mənim üçün şampan partladıb, badələri toqquşdurmamışdıq bu il.
Amma inanırdım ki, bu il çox gözəl il olacaq. Astroloqlar bu il oğlaqların həyatlarının başdan yaradılacağını israr edirdi. Fikirləşirdim məndə hər şey yaxşıdır axı, necə başdan yarada bilər ki?! Yaratdı… məni 0 nöqtəsinə qaytardı.
Qızlar ən çox atasız yetim qalırmış. Mən sənsiz yenidən böyüməliyəm. Sənin böyütdüyün qədər yaxşı ola biləcəyəmmi?! Həyatım boyunca olmaz kəlməsini eşitmədim, heç bir addımıma, qərarıma səhv demədin.
Ətrafın heç bir fikri sənin mənə olan güvənini sarsmadı. Hüdudsuz azadlıq verdin, sərbəst yaşamaq hüququ verdin, öz həyatımızı seçmək şansı verdin!
Bir qız övladını ən layiqli şəkildə necə yetişdirmək olardısa, sən bunu ən mükəmməl şəkildə bacardın.
Bizə həmişə mən sizinlə nəfəs alıram deyirdin, amma öyrəndik ki, nəfəs almaq üçün ağ ciyərlərin də funksiyasını itiribmiş. İndi bizə – qoyub getdiyin 3 qadına sənsiz çətin olacaq.
Sən bizi yenə də sərbəst buraxdın. Kaş ki, bizə bu qədər güvənməsəydin… Rahat uyu dünya boyda ürəyi olub, öz qeydinə qalmayan ADAM! Heç bizə yük qoymadın, həmişə zəhmət çəkdin, amma ləyaqətlə yaşadın.
Dünyaya yenə gəlsək, yenə sənin qızın olardım. Çünki bu çox zövlü idi.
Səndən tək incikliyim var : Heç öz sağlamlığının qeydinə qalmadın. Amma səninlə bağlı özümə bağışlamadığım çox şey var. Sadəcə 1-ni nəql edəcəyəm.
Ayın 28-i vacib 1 təlimdə idim, atam durmadan zəng edirdi, aça bilmirdim. Çıxan kimi onu geri yığdım; – Özümü yaxşı hiss etmirəm. – Təcili yardım göndərim?! – Yox istəmirəm. Özümdən ixtiyarsız – Bəs məni niyə durmadan yığırdın?! – Sən mənim qızımsan, TƏBİB-də işləyirsən deyə ambulans üçün zəng etməliyəm?!
Həmin gün qaça-qaça atamgilə getdim, işdən gəlməmişdi, günlərdi yorğun idim, anamın dizində yuxuya getmişdim. Mən oyananda isə atam yatmışdı, çoxlu qucaqlayıb öpdüm onu. Heç xəbəri də olmadı. Bu mənim ona sonuncu canlı toxunuşum oldu…Sonra 1 iş üçün yenidən getmək məcburiyyətində qaldım.
Bundan sonra onunla telefon ekranından görüşdük.. Bilirsiz atamın telefonunda sonuncu zəngi mənə olub?! Amma o zəng mənə çatmayıb. Düz deyirsiniz, mən heç kimə yetişə bilmirdim.. hətta öz atama da.
Amma bunlar hamsı məndən ixtiyarsız baş verirdi…
Təşəkkürlərim var: Atamın həkimlərinə, TƏBİB-in rəhbərliyinə, icbari tubbi sığorta sisteminə, mənim kolleqalarıma, hər anımda doğmalarım kimi yanımda olan komandama, ailəmə, qohumlarıma, dostlarıma, atamın və yasın əziyyətini çəkən hər kəsə.
Çoxlu tanımadığım adamlardan başsağlığı qəbul etdim, tanıdıqlarım ondan da çox idi. Dəstəkləriniz atamı qaytarmayacaq bəlkə, amma çox böyük təsəllidir.
Çox vaxtsız, ağır itkiləri olanlarınız var. Hamınızla empati qurmağa çalışıram.
Mən hər gün sizin bildiyiniz və bilmədiyiniz onlarla müxtəlif səbəblərdən ölüm xəbəri ilə günə başlayıram.
Hər gün bir az daha kiçilirəm. Bu gün isə ümumiyyətlə zərrəyəm. Toparlanana qədər qüsuruma baxmayın…
Əlvida PAPA, görüşənədək…