“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı “Criminal.az” saytının baş redaktoru Anar Məmmədov barəsində Ağdam Rayon Məhkəməsinin çıxardığı qərarı pisləyib. “Bu, artıq təzyiq altında olan jurnalistin təqibinin növbəti nümunəsidir”, deyə təşkilatın “Twitter”-dəki hesabında bildirilir.
A.Məmmədova qarşı iddia qaldıran sahibkar Məlahət Qurbanova onun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edib.
Məhkəmə 147.1-ci maddə üzrə jurnalistə bəraət verib, 148-ci maddə üzrə isə 1 il islah işlərinə məhkum edib. Bir il ərzində onun əmək haqqından 20% dövlətin xeyrinə kəsiləcək.
Qeyd edək ki, məhkəmə çəkişməsinə səbəb jurnalistin yazılarında Məlahət Qurbanovanı “Lombard Məlahət” kimi təqdim etməsi olub.
Baxmayaraq ki, cəmiyyətdə adıçəkilən ayama ilə tanınsa da Məlahət Qurbanovanın iddiasının təmin olunması ölkə adına ləkə oldu.
Belə ki, məhkəmənin hökmü Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyəti dəyərləndirən təşkilatların əlinə əsas vermiş oldu.
Buna dəyərdimi?
Bəlkə də hökm çıxaran hakim uzağı görə bilməyib.
İkinci instansiya məhkəməsinin bu rəzaləti aradan qaldırması isə çox vacibdir.
Gununsesi.org
COMMENTS