Baş nazirə təlxək deyən nazirliyin 3 əməkdaşı vəzifələrindən uzaqlaşdırıldı

Maldiv adaları Hindistandan öz qoşunlarını martın 15-dək ölkədən çıxarmağı xahiş edib.

Gununsesi.info xəbər verir ki, Maldiv prezidenti Məhəmməd Muizzounun ictimai siyasət üzrə katibi Abdulla Nazim İbrahim mətbuat konfransında deyib ki, Maldiv və Hindistan rəsmiləri paytaxt Maledə Hindistan qoşunlarının çıxarılması ilə bağlı danışıqlar aparırlar.

Maldiv adalarındakı 88 Hindistan əsgərinin martın 15-dək ölkədən çıxmalı olduğunu bildirən İbrahim bildirib ki, “Hindistan ordusu Maldiv adalarında qala bilməz. Bu, prezident Məhəmməd Muizzunun və bu administrasiyanın mövqeyidir”.

Çinə 5 günlük səfərindən sonra şənbə günü mətbuat konfransında danışan prezident Muizzu qeyd edib: “Maldiv adaları kiçik ola bilər. Lakin bu, heç bir ölkəyə bizi sataşmaq hüququ vermir”.

Maldiv adalarının heç bir ölkənin arxa bağçası olmadığını qeyd edən prezident əlavə edib: “Biz müstəqil və suveren dövlətik”.

Hindistanın baş naziri Narendra Modini “təlxək” adlandıran, sosial media hesablarında Hindistan və Modi ilə bağlı paylaşımlarında istehzalı emojilərdən istifadə edən Maldiv Gənclərlə İş üzrə Nazirliyinin üç əməkdaşı vəzifələrindən uzaqlaşdırılıb. Bununla əlaqədar Hindistan Maldiv adalarının Yeni Dehlidəki səfiri İbrahim Şahibi Xarici İşlər Nazirliyinə çağırıb.

Muizzu Male şəhərinin meri olub və keçən il sentyabrın 30-da keçirilən prezident seçkilərində 54,06 faiz səs qazanaraq hazırkı prezident İbrahim Məhəmməd Salihə qalib gəlib.

O, “Çin tərəfdarı”, rəqibi Salih isə “Hindistan tərəfdarı” kimi görünürdü.

Seçki kampaniyası zamanı yeni seçilmiş prezident ölkənin Hindistanla əlaqələri prioritet hesab edən ənənəvi xarici siyasətinə son qoyacağını bəyan edib və vəzifəyə başladıqdan az sonra Hindistanın hərbi personalının və texnikasının ölkədən çıxarılmasına göstəriş verib.

Gununsesi.info