Bakıda ağaclıq ərazidə baş verən yanğında xəsarət alan var – FOTO + YENİLƏNİB/VİDEO

  • By admin
  • 04 Sentyabr 2021 15:26

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidəki ağaclıqda baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal ərazidə yanğınsöndürmə işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

İlkin hesablamaya əsasən, təqribən, 3 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb. Ağaclığın böyük hissəsi, yaxınlıqdakı evlər və kommunikasiya xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.

14:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanması barədə məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov Oxu.Az-a açıqlamasında bildirib ki, yanğın təxminən üç hektarı ərazini əhatə edir:

“Hazırda yanğın lokallaşdırılıb. İlkin ehtimala görə, elektrik ötürücü xətdə qısa qapanma olub və nəticədə ərazidə yanğın başlayıb. Baş verən hadisə barədə araşdırma aparılır”.

Baş vermiş hadisə ilə əlaqədar Sabail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov və onun birinci müavini Vüqar Şixəmmədov da əraziyə gəliblər.

13:42

Badamdarda ağaclıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info