“Atamın məzarından götürdüyüm torpaqla onları qovuşdurdum”

  • By admin
  • 04 Sentyabr 2021 13:31

Bir neçə gün əvvəl Kəlbəcər sakinlərinin doğma yurdlarına səfəri təşkil olunub. Torpaqlarımızın işğaldan azad olunmasından sonra reallaşan ilk səfərdə yaşlı nəslin nümayəndələri, Başlıbel faciəsində şəhid olanların yaxınları, şəhər ziyalıları iştirak ediblər.

 

Uzun illərdən sonra Kəlbəcəri ziyarət edən polis mayoru Şahlar Şükürov səfər təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, Kəlbəcərdə yaşamağın ən böyük arzusu olduğunu söyləyib:

 

“İnsan 28 il ayrı qaldığı doğması ilə necə görüşərsə, mən də torpağımla o hisslərlə görüşdüm. Oranın havası, qoxusu başqadır, insanın ruhunu dincəldir sanki. Kəlbəcərdə ayaq basanda ötən illərə qayıtdım. Uşaqlarla çayda çimdiyim vaxtlar yadıma düşdü. Mən babamın və nənəmin də bura gəlməsini çox istəyirdim. Atam Kəlbəcərdə vəfat edib, babam və nənəm burada. Onları qovuşdurmaq, atamın qəbrini ziyarət etmələrini istəyərdim. Təsəlli olaraq atamın qəbrindən onlara, onlardan isə atamın məzarına torpaq gətirdim. Bəlkə də qovuşdura bildim onları. Kəlbəcərdə yaşamaq mənim ən böyük arzumdur. Xidmət etdiyim orqan uyğun görərsə, vəzifəmi orada davam etdimək, həm də daimi yaşamaq istəyirəm. Azərbaycanın hər qarışı bizim üçün əzizdir. Ancaq insanın öz doğulduğu torpaq başqadır, sanki mənə güc verir”.

Gununsesi.info