Azərbaycanlı futbolçu Türkiyə klubu ilə bu gün müqavilə bağlayacaq

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin “Ankara Keçiörəngücü” klubunda çıxış edəcək.

Gununsesi.info xəbər verir ki, “Keşlə”dən ayrılmış 25 yaşlı futbolçu Türkiyənin I divizion klubu ilə bu gün müqavilə bağlayacaq.

Onu Türkiyə I divizionunun digər klubları – “Dənizlispor” və “Menemen Bələdiyyəspor” da transfer etmək istəyib. Lakin futbolçu hələ ötən yaydan onu heyətində görmək istəyən Ankara klubuna keçməyə üstünlük verib.

Qeyd edək ki, 1987-ci ildə yaradılmış “Ankara Keçiörəngücü” klubu ötən mövsüm Türkiyə I divizionunu yeddinci sırada başa vurub. Komandanın heyətində afrikalı legionerlər üstünlük təşkil edir.