Azərbaycan Avropaya enerji körpüsü salmağa başlayır

Azərbaycan işğaldan azad olunmuş ərazilərin iqtisadi və sosial inkişafını beynəlxalq layihələr çərçivəsində uğurla həyata keçirməkdədir. Bu istiqamətdə görülən işlər çərçivəsində xüsusi diqqət çəkən məqam işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsidir. Bu prosesin beynəlxalq əlaqələr istiqamətində aparılması isə Azərbaycan hökumətinin prioritet məsələsidir. Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas da bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

HTML tutorial

Deputat bildirib ki, Prezident İlham Əliyevin iştirak etdiyi plenar iclas bir çox ciddi məsələlərin müzakirəsi ilə yadda qaldı. Onun sözlərinə görə, iclasda çıxış edən Prezident həm ölkəmizin iqtisadi maraqlarını ehtiva edən, həm də bu istiqamətdə qarşılıqlı beynəlxalq əlaqələrin inkişafına dəstək verən təkliflər irəli sürüb: “İmzalanan sazişi Avropanın enerji təhlükəsizliyində və ümumilikdə enerji dəhlizinin yaradılması istiqamətində mühüm addım adlandıran Prezident İlham Əliyev Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memoranduma bir daha diqqət çəkib.

Xüsusi vurğulamaq lazımdır ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycan çox mühüm rol oynayır və getdikcə inkişaf edən bu əlaqələr sayəsində gələn il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı ötən illə müqayisədə 3 dəfə artaraq 24 milyard kubmetrə çatacaq. Azərbaycan özünün qaz təchizatı ilə  Avropa bazarında mühüm yer tutmaqla həm ölkəmizə, həm də Avropa ölkələrinə mənfəət vermiş olur. Çünki hazırki enerji sövdələşməsi nəticəsində Avropa öz enerji təhlükəsizliyinin qorunması üçün etibarlı tərəfdaş və bazar qazanmışdır”.

Deputat qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyində mühüm tərəfdaş rolunu gücləndirən amillərdən biri də alternativ enerji resursları ilə bağlıdır. Azərbaycanın bərpaolunan enerji potensialı həddən artıq yüksəkdir və bu potensialın artırılması üçün böyük layihələrin icrası nəzərdə tutulur:

“Azərbaycan istehsal olunacaq həm külək, həm də günəş enerjisinin 80 faizini ixrac etməyi planlaşdırır ki, bu da alternativ enerji resurslarının hazırki beynəlxalq bazarında kiçik rəqəm deyil. Onu da bildirək ki, ölkəmiz bərpaolunan enerji resurslarının istehsalı ilə bağlı bir çox xarici şirkətlərlə sıx əməkdaşlıq edir. Energetika Nazirliyi digər qlobal enerji şirkətləri ilə bu çərçivədə bir çox mühüm sazişlər imzalayıb. Buxarestdə imzalanan saziş də bu sahənin inkişafına mühüm töhvə vermiş olacaq.

Qeyd edək ki, sözügedən məsələ hər zaman  Azərbaycan Respublikası Prezidentinin diqqətində olub və işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı dövlət başçısının nəzarəti altında xüsusi proqram həyata keçirilməkdədir. Bu gün işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar mühüm işlər görülür. Bu prosesin yekunu olaraq işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri, bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və s. kimi məsələlər müsbət həllini tapacaq”.

Sonda Rəşad Mahmudov vurğulayıb ki, göründüyü kimi, Azərbaycanın enerji resursları ilə bağlı məsələyə Prezident İlham Əliyevin baxışı yalnız iqtisadi maraqlarla məhdudlaşmır və bu sektorun müasir tələblərə cavab verilməsi üçün ciddi işlər görülür. Məhz Azərbaycan Prezidentinin yürütdüyü mükəmməl beynəlxalq iqtisadi siyasət nəticəsində Azərbaycan bütün qlobal layihələrdə mühüm yer tutur. Prezident İlham Əliyevin Buxarestdə keçirilən plenar iclasda bildirdiyi kimi bu gün Azərbaycan  Avropaya digər enerji körpüsünü salmağa başlayır.
Bu isə ölkəmizin qüdrətinin artırılmasına xidmət edən mühüm faktordur.

Gununsesi.info