AŞPA-nın qış sessiyasının gündəliyinə “Azərbaycanda siyasi məhbuslarla bağlı məşlumatlar haqqında iş” məsələsi daxil edilib. Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyalı deputat Torhildur Sunna Evarsdottirin tərtib etdiyi müvafiq qətnamə layihəsi yanvarın 27-də müzakirə olunacaq.
Məruzədə Azərbaycanda “sistemli xarakter” daşıdığı bildirilib.
Hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən AŞPA qətnaməsi ilə Bakını “siyasi məhbusları azad etməyə və ya onların işlərinə məhkəmə qaydasında yenidən baxmağa” çağırıb.
Son illər Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və jurnalistlərin həbsləri ilə əlaqədar Avropa Konvensiyasının pozulduğunu müəyyən edərək, çox sayda qərar çıxarıb.
Qətnamə layihəsində qeyd edilir ki, AŞPA-nın əvvəlki məruzəçisi Kristof Ştrasserin hesabatına 85 nəfərin adı daxil edilmişdi. Bu insanların ən az 9-u məhkəmədə qələbə qazanıblar, daha 4 nəfərin işinə AİHM-də baxılır.
Məruzəçi Evarsdottir qeyd edir ki, “Azərbaycanda siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrup” və “Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda İttifaq” tərəfindən təqdim edilmiş “siyasi məhbus” siyahıları etimada layiqdir.
Məruzədə konkret olaraq jurnalist Əfqan Muxtarlının, “Müsəlman Birliyi” Hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseynovun, “Səid Dadaşbəylinin işi”nin fiqurantlarının işləri və s. yada salınır.
Məruzəçinin çıxışında 2018-ci il Gəncə hadisələrinə də yer ayırıb. “Azərbaycanda görüşdüyüm insanların əksəriyyəti, o cümlədən diplomatlar bu məsələ ilə bağlı ciddi narazılıqlarını bildiriblər”, deyə məruzəçi yazır.
Assambleya Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə həbs edilən hamını azad etmək xahişi ilə müraciət edir.
Qətnamədə “siyasi məhbus problemini birdəfəlik həll etmək” təklif edilir.
COMMENTS