“Köhnə kişilər” gözəl sözdür. Köhnənin mütəxəssisi, sənətkarı kimi tanınmaq da eləcə. Bircə insanın öz sənəti ilə birgə yaşlanması olmaya. Müasir dünyamızın nəfəskəsən sürəti indi çoxunu bu aqibətlə qarşılaşdırır. İxtisaslar köhnəlir. İnsanlar sənətlərini itirir. Başqa sənətlərə yiyələnməyə çalışır. 90-cı illərin ortalarında mən belə tale ilə üzləşdiyini duyduğum cəmi bir nəfər tanıyırdım: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alan tələbələrin sevimli Əliş müəllimi. Bizim Əliş müəllim.

Uca boyu, uzun barmaqları ilə tez-tez geriyə daradığı gümüşü saçları, təbəssüm dolu nurlu çöhrəsi, səliqəli görkəmi ilə tipik müəllim siması vardı. Gözəl ziyalı olmaqla yanaşı, həm də bu sözün bütün dəyərlərini simasında yaşadan köhnə kişilərdən idi. Əsl vicdan nümunəsi. Elə əsəbiləşəndə tələbəyə ən sərt tənəsi də “Ay vicdansız” olardı… Yəni, ay vicdansız oxumayacaqdınsa, özünü yetişdirməyəcəkdinsə, daha burada nə itiyin azmışdı?!
O, var gücü ilə tələbələrə faydalı olmağa çalışırdı. Di gəl ki, ömrünün illərini verdiyi, kitablarını yazdığı fənnin özü köhnəlmişdi. Əliş müəllim nə qədər dirəniş göstərsə də, kompüter texnikası onun tədris etdiyi “Qəzet tərtibi və buraxılışı texnikasının əsasları” fənnini buldozer kimi kürüyüb aparırdı. Əziz müəllimimiz qəzet çapı zamanı istifadə etmək üçün ağır qurğuşunlardan hazırlanmış “şpon”, “şpatsiya”, babaşka“lar haqqında danışırdı. Amma getdiyimiz redaksiyalarda daha bunlara rast gəlmirdik. Qəzetləri neçə il idi ki, kompüterdə “Quarkxpress” proqramları ilə səhifələyirdilər.
Əliş müəllimsə vaxtı keçmiş bilikləri tələbə süd əzbər öyrənməyənə qədər kiməsə güzəşt etməzdi.
Bir dəfə maraqlı əhvalat baş vermişdi. Yuxarı kursdakı qiyabiçilərin biri iki dəfə “Qəzet tərtibi” imtahanından dalbadal kəsilir. Növbəti dəfə də “babaşka” haqqında suala müfəssəl cavab verə bilməyəndə isə Əliş müəllimin yenə qeyri-kafi yazacağını görüb deyir ki, “müəllim, xahiş edirəm, o “babaşka”nı çırpın təpəmə, amma bir üç yazın çıxım gedim”. Bunu özünəməxsus gülüşlə dərsdə bizə danışıb, sonda əlavə edirdi ki, “daha bu sözünə ürəyim dözmədi, bir əzik üçlük verdim çıxdı getdi”.
Texnologiyaların indiki inkişaf sürəti ilə dünyanın haralara qədər irəliləyəcəyi barədə artıq müəyyən proqnozlar var. Bu inkişaf həyatımıza hələ nələr gətirəcək?! İnsanlar daha hansı texnoloji möcüzələrə təəccüblənəcək?! Ən azı Hararinin kitablarını oxuduqca bu sualların müəyyən mənzərəsi yaranır. O mənzərəni görməyə bizim ömrümüz çatacaqmı, çatmayacaqmı, bilmirəm. Bildiyim təkcə budur ki, inkişafın bütün dövrlərində insanlığın ən böyük ehtiyacı Əliş müəllim kimi mənəviyyat sahiblərinə olacaq.
20 Yanvar faciəsinin 30-u ildönümü günü ərəfəsində sevimli müəllimimizi xatırlamağım səbəbsiz deyil. Həmin gecə o da ağır yaralanmışdı. Uzun müddət müalicə olunmuşdu. Bildiyim qədər sonralar da yaralarının əziyyətini çəkirdi.
Təəssüf ki, o gecənin hekayəsini dərslərində nə bircə dəfə o özü danışdı, nə də ağlımıza gəldi biz soruşduq.
Elə o vaxtdan bilirdim ki, bizdən yaxşı jurnalist olan deyil.
Yadigar Cəfərli
COMMENTS