Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda marinada lövbər salmış motor yaxtalardan birində baş verən yanğın digər qayıqlara da yayılıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, hadisə naməlum səbəbdən başlayıb.
Alovlanan yaxtalara ilkin olaraq marina təhlükəsizlik xidməti və yanğınsöndürənlər müdaxilə edib. Güclü küləyin təsiri ilə yanğın yaxınlıqdakı digər yaxtalara keçib. Sonradan hadisə yerinə sahil mühafizə qüvvələri dənizdən, qurudan isə çoxsaylı texnika və yanğınsöndürənlər cəlb olunub.
Yanğın nəticəsində 6 yaxta yanaraq batıb, 2 yaxta isə zədələnib. Məlumata görə, zərər görən qayıqların 20–30 metr uzunluğunda lüks motor yaxtaları olduğu bildirilir.
Hadisə zamanı qayıqlarda yerləşən qaz balonları və yanacaq çənlərinin partlaması ərazidə təşvişə səbəb olub.
Yanğının baş verdiyi yaxtada olan bir əməkdaş içəridə qalsa da, şüşələri qıraraq dənizə tullanıb və həyatını xilas edə bilib. Faktla bağlı araşdırma aparılır, yanğının səbəbi hələ müəyyən edilməyib.
Qeyd edək ki, adıçəkilən liman azərbaycanlı iş adamı Anar Əlizadəyə məxsusdur.
Elmar












