Anar Əsədli zərərçəkənlərlə dil tapsın - YAP-çı deputat partiya sədrinin həbsinin siyasiləşdirilməsinin əleyhinədir

“Anar Əsədlinin rəhbəri olduğu partiyanın onun həbsinin ətrafında siyasi gündəm yaratması doğru deyil. Mediadan oxuduğuma görə onun həbsi şikayətçilərin tələbi ilə baş tutub”.

Bunu Gununsesi.info-ya AY Partiya lideri Anar Əsədlinin həbs olunması faktına münasibətində YAP-çı deputat Naqif Həmzəyev deyib.

HTML tutorial

O, bildirib ki, AY Partiya fəallarının bu olayı siyasiləşdirməsi prosesdə zərərçəkən kimi tanınan şəxslərin qıcıqlandırılmasına səbəb olacaq: “Hər iki tərəf eyni düşərgənin adamlarıdır. Burada siyasi bəyanatlar uğurlu nəticələrə gətirməyəcək. Yaxşı olardı ki, Anar bəyin yaxınları və vəkilləri müdafiə taktikasını həmin zərərçəkənlərlə müəyyən razılaşma yolu ilə üzərində qursun. Onun ittiham olunduğu 178-ci (Dələduzluq) maddə elə bir maddədir ki, dəymiş zərər ödənilərsə, şikayətlər geri çəkilərsə, azadlığa çıxa bilər”.

Günel Gözəlova
Gununsesi.info