Almaniyada on minlərlə insan ifrat sağçılara qarşı etiraz aksiyası keçirdi – FOTO

Almaniyanın Hamburq şəhərində on minlərlə insan sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyasına qarşı nümayiş keçirmək üçün toplaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Almaniyanın ikinci ən böyük şəhərində keçirilən aksiya son bir həftə ərzində ifrat sağçılar Almaniya vətəndaşlığı olanlar da daxil olmaqla milyonlarla immiqrantın deportasiyasını müzakirə etdikdən sonra güclənən bir sıra etirazların ən böyüyü olub.

Şəhər polisi gün ərzində gölün yaxınlığındakı sahilə 50 minə yaxın insanın toplaşdığını bildirib, təşkilatçılar isə bu rəqəmin 80 min olduğunu və insanların çoxluğuna görə hamının mitinqdə iştirak edə bilmədiyini iddia edir.

Qeyd edək ki, son günlər Almaniyanın bir çox şəhərində on minlərlə insanın iştirakı ilə ifrat sağçılara qarşı nümayişlər keçirilib.

Britaniyanın “Times” qəzetində dərc olunan məqalədə iqtisadi böhran və ifrat sağçıların yüksəlişi ilə əlaqədar ölkədə baş verən iğtişaşların post-imperiya ilə Hitlerin yüksəlişi arasındakı Veymer dövrünü xatırlatdığı şərh edilib.

Bir çox şəhərlərdə fermerlərin üsyanı, bir çox sektorda davam edən tətillər və təhsil sistemində artan problemlərə istinad edən “Times” qəzeti Angela Merkelin 16 illik hakimiyyətinin ardından vəzifəyə gələn baş nazir Olaf Şoltsun müasir Almaniyanın liderləri arasında ən az dəstəklənən lideri olduğuna diqqət çəkib.

Rusiya-Ukrayna müharibəsinin uzun illər Rusiya qazından asılı vəziyyətdə olan Almaniyaya pis təsir etdiyi, minimum əmək haqqının artırılması kimi müsbət addımlara baxmayaraq, ölkədə böyük etirazların yaşandığı bildirilib.

G7-nin ən pis iqtisadi göstəricilərinə malik ölkəyə çevrilən Almaniyada sorğulara görə əhalinin yarıdan çoxunun alman demokratiyasına inanmaması da diqqət çəkir. Almanların 67 faizi yaxın 10 ildə vəziyyətlərinin indikindən daha pis olacağına inanır.

Enerji qiymətlərindəki ciddi artım, ixracın azalması və məşğulluğun qeyri-kafi olması səbəbindən iqtisadi durğunluğun davam etdiyi ölkədə bu prosesin ən böyük qalibi ifrat sağçı oldu.

AfD-nin sentyabrda parlament seçkilərinin keçiriləcəyi ölkədə ikinci ən böyük partiyaya çevrildiyini xatırladan “Times” ölkəyə mühacir axınının cəmiyyətdə ifrat sağçıların qəzəbini və dəstəyini artırdığını vurğulayıb.

Gununsesi.info