
Almaniyada sağçı ekstremizmə qarşı kütləvi nümayişlər fevralın 4-ü də davam edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.
Belə ki, təxminən 575 min nəfər əhalisi olan Bremendə polisin məlumatına görə, 16 min 500-ə yaxın nümayişçi küçələrə çıxıb. Təşkilatçılar 25.000 nəfərin iştirak etdiyini hesablayıblar.
Etirazçıların daşıdıqları plakat və pankartlarda “Həmrəy cəmiyyət naminə” və “Hamı birlikdə sağa sapmaya qarşı” kimi şüarlar olub.
Oxşar aksiyalar fevralın 4-də Almaniyanın bəzi digər şəhərlərində də baş verib. Xüsusilə, Saksoniya-Anhalt federal əyalətinin Maqdeburq, Halberstadt və Vaysenfels şəhərlərində 1500-dən çox insan küçələrə çıxıb. Maqdeburqda Saksoniya-Anhalt irqçiliklə mübarizə şəbəkəsi tərəfindən təşkil edilən nümayişin leytmotivi irqçiliyə etiraz olub.
Bir gün əvvəl, fevralın 3-də Almaniyanın Berlin, Drezden, Frayburq, Krefeld və bir sıra digər şəhərlərində sağçı radikal ideyalara qarşı irimiqyaslı aksiyalar keçirilib.
Almaniya kansleri Olaf Şolts fevralın 3 və 4-də çıxışları demokratiya və Əsas Qanunun dəstəklənməsi üçün “aydın siqnal” adlandırıb.
“Insa” ictimai rəyi araşdırma institutunun “Bild am Sonntag” tabloidi üçün keçirdiyi sorğuya əsasən, Almaniya sakinlərinin 55%-i sağçı radikal ideyalara qarşı nümayişləri dəstəkləyir. Respondentlərin 26%-i bu cür hərəkətlərin əleyhinə olduğunu, 12%-i isə belə nümayişlərə biganə qaldığını etiraf edib.
Almaniyada üç həftədir on minlərlə insan ifrat sağçılara qarşı küçələrə çıxıb. Etirazlara təkan verən “Correctiv” media şirkətinin noyabrın 25-də Potsdamda radikal sağçıların toplantısı barədə xəbəri olub. Görüşdə Almaniya üçün Alternativ Partiyasının siyasətçiləri, XDİ və ultra-mühafizəkar İttifaqın ayrı-ayrı üzvləri də iştirak ediblər.
Görüşdə Almaniyadan yüz minlərlə immiqrantın deportasiyası ideyası müzakirə edilib.
Gununsesi.info