
Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub hissələrini təsir edən meşə yanğınlarında həyatını itirənlərin sayı 112-yə yüksəlib.
Gununsesi.info xəbər verir ki, CNN-in məlumatına görə, Çili səlahiyyətliləri yanğınlardan ən çox zərər çəkən bəzi bölgələrdə fövqəladə vəziyyətin əhatə dairəsinin genişləndirildiyi barədə məlumat paylaşaraq, ölənlərin sayının 112-yə qədər yeniləndiyini açıqlayıb.
Səlahiyyətlilər həmçinin Valparaisodakı meşə yanğınlarında təxminən 1400 evin zərər gördüyünü bildirib.
Çili prezidenti Qabriel Boric açıqlamasında, şərtlər nəzərə alınaraq yanğınlarda həyatını itirənlərin sayının artacağını, bazar ertəsi və çərşənbə axşamı günlərinin həyatını itirənlər üçün milli matəm günü elan edildiyini bildirib.
Yanğınlardan zərər çəkmiş bölgələrə hərbi birləşmələrin yerləşdiriləcəyini bildirən Boric, lazım olan bütün resursların hazır olacağını bildirib.
Daxili işlər naziri Karolina Toha qeyd edib ki, yanğınsöndürənlər təxminən 40 yanğını nəzarətə götürüb və 29 meşə yanğını ilə mübarizəni davam etdiriblər.
Çili mətbuatında dərc olunan xəbərdə, Valparaiso şəhərinin təxminən 20 kilometrliyində yerləşən Penuelas Gölü Təbiət Parkında yanğının başladığı bildirilib.
Milli Fəlakətin Qarşısının Alınması və Müdaxilə Xidmətinin (Senapred) verdiyi açıqlamada güclü külək səbəbiylə yanğının sürətlə yayıldığı və bəzi şəhərlərdə təxliyyə prosedurlarına başlanıldığı açıqlanıb.
Prezident Boric sosial media hesabında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.
Daxili İşlər Naziri Toha da bəzi yanğınların “qəsdən” başladığını düşündüklərini söyləyib.
Gununsesi.info