Bu gün Ali Məhkəmədə Azərbaycanın məşhur vəkillərindən biri İradə Cavadovanın vəkillik fəaliyyətinə xitam verilməsi qərarından kassasiya şikayətinə baxılıb.
Bu barədə Gununsesi.org-a açıqlamasında tanınmış vəkilin özü bildirib. Onun sözlərinə görə, hakim İlqar Xələfovun sədrliyi ilə keçirilən prosesdə onun kassasiya şikayəti təmin olunub: “Ali Məhkəmənin qərarı ilə işə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılacaq”.
Qeyd edək ki, Vəkillər Kollegiyası bir nəfər vətəndaşın guya şikayətini onun razılığı olmadan ictimailəşdirdiyi üçün heç bir hüquqi əsas gətirmədən İradə Cavadovanın vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının və yerli ictimai qurumların çağırışlarına baxmayaraq, məhkəmə Vəkillər Kollegiyasının qanunsuz tələbini təmin etmişdi.
Azərbaycanda vəkillik fəaliyyətində yaranmış mövcud durum ölkəmizin üzv olduğu və əməkdaşlıq etdiyi bütün təşkilatları narahat edir.
Hətta Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında aparılan danışıqlarda vəkillərə qarşı təzyiqlər, onların sıradan çıxarılması əsas prioritetə çevrilib.
Elmar Elnuroğlu
Gununsesi.org
COMMENTS