Ailəsi Tofiq Yaqublunun səhhətindən narahatdır- PALTARSIZ VƏ DƏRMANSIZ QALIB

Ailəsi Tofiq Yaqublunun səhhətindən narahatdır

 

Şüvəlandakı 3 saylı istintaq təcridxanasında müxalifətçi siyasətçi Tofiq Yaqubluya paltar və dərman vasitələrinin çatdırılmasına imkan verilmir.

Bu barədə Turan-a siyasətçinin qızı Nigar Həzi məlumat verib.

Onun sözlərinə görə, T.Yaqublu artıq bir aydır ki, eyni geyimdədir.

“Nə evdən ona zəruri əşyalar apara bilirik, nə də ki paltar. Ölkədə və həbsxanada karantin olduğunu bilirik. Amma adam bir ay eyni paltarda necə qala bilər? Özü də gigiyenanın bu qədər önəmli bir vaxtında. Atanın sağlığına görə narahat oluruq. Heç dərmanlarını da verə bilmirik. Qadağaları qoyanda hər şeyi nəzərə almaq lazımdır”, -N.Həzi bildirib.

Lakin Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Y.Yaqubluya paltar verilməsinin qadağan olunması barədə məlumatı təkzib edib: “Penitensiar müəssisələrində karantin rejimi mövcuddur və sovqatların qəbulu və görüşlər müvəqqəti dayandırılıb. Eyni zamanda paltarın və dərmanların ötürülməsi ilə bağlı hər hansı bir problem yoxdur”.

Gununsesi.org

COMMENTS