
Hizbullah üzvlərinə məxsus peycerlərin bombalanması İsrail kəşfiyyatı və ölkə ordusu tərəfindən təşkil edilib.
Gununsesi.info xəbər verir ki, bu fikirləri CNN jurnalistləri bildiriblər.
“Çərşənbə axşamı günü Livanda Hizbullah üzvlərinə aid minlərlə peycerin partladılması ilə nəticələnən hücumun arxasında İsrail dayanıb”, – deyə hesabatda bildirilir.
Bütün Livanda minlərlə insanın yaralanmasına səbəb olan əməliyyatın İsrail kəşfiyyat xidməti və İsrail hərbçilərinin hərəkətlərinin nəticəsi olduğu da iddia edilir.
Bundan əvvəl Livanın baş naziri Nəcib Mikati Livanda peycerlərin partladılmasının “İsrailin cinayətkar təcavüzü” olduğunu və dövlətin suverenliyini pozduğunu bildirmişdi.
Bir gün əvvəl məlum oldu ki, Livanın bir sıra bölgələrində, o cümlədən Beyrutun cənub ətraflarında peycerlərin partlaması nəticəsində onlarla insan yaralanıb.
Buna cavab olaraq Livan Xarici İşlər Nazirliyi İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına (TŞ) şikayət hazırlayacaq.
Hizbullah həmçinin Təl-Əvivi “ədalətli cavab”la hədələyib.
Əl-Cəzirə Livandakı təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, İsrail hərbçiləri Hizbullahın istifadə etdiyi peycerləri sındıraraq onların partlamasına səbəb olub.