
Bakı Ali Neft Məktəbinin ABŞ-ın Şimali Karolina ştatının Dyuk Universiteti ilə birgə təşkil etdiyi Layihə İdarəetmə Məktəbinin yeni qrupunun açılışı olub.
Gununsesi.info xəbər verir ki, təlim proqramındakı modullar ABŞ-ın Dyuk Universitetinin magistr proqramına əsaslanır.
Açılış mərasimində Bakı Ali Neft Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, “BP”nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və kursa qəbul olan tələbələr iştirak edib.
Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqramı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər:
“Dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması üçün onların bu layihədə iştirakına üstünlük verir. Məktəbdə Layihələrin İdarə olunmasının 7 modulu üzrə Dyuk Universitetinin proqramı əsasında təlim keçiriləcək və beynəlxalq sertifikat veriləcək”.
Rektor qeyd edib ki, 6 ay davam edəcək kursu bütün modular üzrə bitirən məzunlar adlarının qarşısına PMP və ya PhD kimi DCPM yəni “Duke Certified Project Manager” initsiallarını da əlavə edə biləcəklər.
Qeyd edilib ki, proqrama 22 nəfər qəbul olub. “BP Azərbaycan” hazırda 2021-ci il LİM proqramında 20 nəfərin iştirakını maliyyələşdirir. Hər qurumdan 10 nəfər olmaqla, bu iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələridir. “BP”nin bu dəstəyinin ümumi məbləği 170 min manatdır.