Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü başlayıb.
Gununsesi.org-un xəbərinə görə, görüşə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban, Türk Şurasının baş katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus qatılıblar.
Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Lidər mövzu ilə bağlı təkliflər veriblər, mövzu haqqında fikirlər səsləndiriblər.
“Türk Şurası ölkələrinin milli böhran mərkəzləri arasında əməkdaşlığın qurulmasını təklif edirəm”, – deyə videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün gözə görünməz düşmənə qarşı çətin savaş aparırıq. Pandemiyanın təsiri nəticəsində qlobal miqyasda sosial-iqtisadi böhranla üz-üzəyik. Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək”.
T. Ərdoğan bildirib ki, bu əməkdaşlıq böhranların qarşısının alınmasında önəmli rol oynaya bilər : “Bu böhran qısa müddətdə bitəcək. Türk ellərinə Türkiyədən salam deyirəm”.
Türkiyə prezidenti həmçinin söyləyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Asiyaya qədər uzatmaq mümkündür.
“Baş verənlər Xəzər üzərindən nəqliyyat koridorunun mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub. Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yük daşınmasına çalışırıq”, – deyə Ərdoğan bildirib.
Ərdoğan bununla yanaşı, yüklərin daşınması prosesinin sadələşdirilməsi, müəyyən güzəştlər edilməsinə ehtiyac olduğunu qeyd edərək Türk Şurası ticarət və nəqliyyat nazirlərinin də videokonfransının keçirilməsini təklif edib.
Qeyd edək ki, fövqəladə Zirvə görüşü ölkə başçısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.
COMMENTS