Milli Məclisin cari il fevralın-2-də keçirilən yaz sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun layihəsini təqdim edərək, məsələnin əhəmiyyətinə dair Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini diqqətə çatdırdım.
İordaniya ilə əməkdaşlığa dair eyni zamanda parlament ölçüsündə bəzi məqamları da vurğuladım. Belə ki, Azərbaycan Respublikasının Asiya Parlament Assambleyasına sədrlik dövrünün son saatlarında mühüm komitələrdən birində, yəni siyasi komitədə, İordaniya Haşimilər Krallığı sədrliyi öz üzərinə götürdü. APA-ya, Milli Məclisin sədrliyi dövründə, Assambleyanın ali məqsədlərinin səmərəli parlament diplomatiyası vasitəsilə irəlilədilməsində Millli Məclisin və onun sədrinin göstərdiyi səylərin yüksək qiymətləndirilməsi və bu məqamların iki sənəddə — həm Plenar sessiyanın Manama Deklarasiyasında, həm də İcraiyyə Şurasının yekun sənədində — əks olunması, hesab edirəm ki, həm də qalib dövlətimizə göstərilən ehtiramdır. Belə ki, Manama Deklarasiyasında Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin təqdir olunması və alqışlanması Körfəz regionunda yaranmış hazırkı gərgin şəraitdə Azərbaycanın sülh təcrübəsinə əsaslanmaqla verilən sülh mesajı idi.