Cabir İmanovun müzakirələrə səbəb olan məzar daşı niyə yoxdur? – Elşad Miri şərh edir

  • By Admin2
  • 16 Yanvar 2026 10:42

Cabir İmanovun müzakirələrə səbəb olan məzar daşı niyə yoxdur? – Elşad Miri şərh edir

Sosial şəbəkələrdə yeni görüntülər yayılıb.

Belə ki, ötən il dünyasını dəyişən Cabir İmanovun qəbrinin üstünü götürülmədiyi, daha dəqiq, məzar daşının olmadığı görünür.

Bu, insanlar arasında birmənalı qarşılanmayıb.

Bəzi adamlar yazır ki, məzar qırxına qədər qoyulmalıdır, bəziləri isə ilinə qədər qoyulmalı olduğunu bildirir.

Kimisi isə deyir ki, ümumiyyətlə, müsəlman qəbri o cür olmalı, zamanla itməlidir.

Bu, doğrudan da belədirmi?

Məsələ ilə bağlı Gununsesi.info-ya ilahiyyatçı Elşad Miri danışıb.

O bildirib ki, ümumiyyətlə, İslamda belə bir qayda yoxdur:

“İslamla bağlı belə bir qayda yoxdur. Bu dəqiqə İslam deyəndə, təəssüflər olsun ki, yada yas mərasimləri düşür, ölüyə Quran oxumaq düşür. Ancaq bunların İslama dəxli yoxdur. Müsəlman qəbirstanlığı deyirlər, heç belə bir anlayış da yoxdur. Qəbirstanlıq forması əvvəllər bir adət-ənənə olaraq formalaşıb, sonrakı dövrlərdə də buna İslami don geyindirməyə çalışıblar”.

Elşad Miri Cabir İmanovun qəbrinin məzar daşı olmamasına belə aydınlıq gətirib:

“Cabir İmanovun qəbri sadə bir qəbirdir. Eyni əqidə də olan Sələfilərdə də belə bir vəziyyət var. Səudiyyə Ərəbistanın əvvəlki kralı vəfat edəndə də onu bu cür dəfn etdilər. Üzərində bir baş daşı və torpaq. Vəssalam. İndi Cabir İmanovda belə olub-olmayacağını bilmirəm, ancaq burada bir qəbahət yoxdur. Belə ola bilərmi? Niyə də olmasın? Nəyi dəyişir ki? Sadəcə, indiyə qədər görmədiyimiz bir şeydir. Təəssüflər olsun ki, bizdə israfçılığın pik həddi sayılan məsələlərdən biridir qəbir daşı. Oranı da göstərişə çevirmişik. Elə qəbirlər var ki, qiyməti 300 min manatdır. Adamlar var, o qədər pulu heç vaxt görməyib. Mənim babamın da qəbri bu cürdür, sadə. Taxtadan baş daşı qoyulub, üstünə də ad-soyad, doğulduğu və öldüyü vaxt yazılıb.

Orxan

Gununsesi.info