Ermənistan təhvil verilən dörd Ermənistan vətəndaşı məsələsi gündəmin əsas mövzusu olaraq davam edir.
Şaxələnən müzakirələr fonunda bir istək də budur ki, humanizm prinsipləri hazırda həbsdə olan jurnalistlərə də tədbiq olunsun.
Bəs görəsən, bu, reallaşa bilərmi?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, bu iki məsələ, əslində, bir-birinə aid olmayan məsələdir:
“Bu iki məsələnin bir-birinə aidiyyəti yoxdur. Biz əfv, amnistiya aktı olanda da arzuladıq ki, daha çox insana şamil olunsun. Ancaq bu məsələ Azərbaycan-Ermənistan arasında qəbul olunan qərarlardır ki, bu da əsasən böyük sülh prosesinə müəyyən dərəcədə yaxınlaşmaq üçün qarşılıqlı güzəşt kimi nəzərdə tutulur. Ona görə də bu iki məsələni bir-birinə qarışdırmaq düzgün deyil”.
Deputat eyni zamanda bu məsələnin də müzakirə edilə biləcəyini vurğulayır:
“Hər məsələnin öz müzakirə müstəvisi var. Təbii ki, bu məsələ də müzakirə oluna bilər və biz də bütün insanların vəziyyətinin yüngülləşdirilməsi istiqamətində addımlar atılmasını istəyirik. Ancaq bir daha bu məsələnin o məsələ ilə konkret əlaqəsinin olmadığını da söyləmək lazımdır”.
Orxan












