
Bir neçə gün əvvəl Azərbaycan Ordusunun iki əsgəri Ermənistan tərəfindən əsir götürülüb.
Hərbçilərimizin amansız işgəncələrə məruz qalması və onlara qarşı saxta cinayət ittihamlarının irəli sürülməsi dünya azərbaycanlılarının hiddətinə səbəb olub. Yolu azaraq Ermənistan ərazisinə keçən silahsız əsgərlərin qeyri-humanist rəftarla üzləşməsinin, insanlığa sığmayan işgəncə görüntülərinin ictimailəşdirilməsinin qəbuledilməz olduğunu bəyan edən dünya azərbaycanlıları beynəlxalq hüququ ayaqlar altına atan İrəvan hakimiyyətinin cəzalandırılması üçün aktiv fəaliyyətə başlayıb.
Gununsesi.info xəbər verir ki, xaricdə yaşayan soydaşlarımız müxtəlif bəyanatlar yayaraq, dünya ictimaiyyətini erməni vəhşiliyinə səssiz qalmamağa çağırıb.
Diaspor fəallarının yaydığı bəyanatda Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülməsi və Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsi qətiyyətlə pislənilib.
Dünya azərbaycanlıları ədalət tələb edir…
Dünya azərbaycanlıları Ermənistanın Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, eləcə də digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirib, müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktını araşdırmalarını, lazımi hüquqi qiymət vermələrini tələb edib, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün çağırış ediblər.
Bundan əlavə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları beynəlxalq təşkilatlara məktublar ünvanlayıblar.
Belə ki, Ukrayna Azərbaycanlıları Radası ilk gündən əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edir. Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı Ukraynada yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub.
Əsgərlərimizin əsir götürülməsinə Ukraynadan reaksiya
Ukrayna Azərbaycanlıları Radası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərlərinə – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğluna və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Bu vandalizm aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu, Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb.
Ukrayna Azərbaycanlıları Radası beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.
Avropadakı soydaşlarımızdan Ermənistana etiraz
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası da hərbçilərimizin əsir götürülməsinə sərt reaksiya verib. Şuranın adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçularının dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb.
Çağırışlara ABŞ-dakı azərbaycanlılar da qoşulub
ABŞ-da yaşayan soydaşlarımız da Ermənistanın qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə çağırış edib.
Nyu-Yorkdakı Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi, Yuta-Azərbaycan Dostluq Təşkilatı, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Mərkəzi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, Floridanın Azərbaycan-Amerika Cəmiyyəti, Azərbaycan-Amerika Gənclər Təşkilatı adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğluna və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna qarşı qeyri-insani rəftara diqqət çəkilib.
Bildirilib ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyaları üzrə öhdəliklərini yerinə yetirmir.
Bundan əlavə, Birləşmiş Krallıqdakı icmamız Ermənistanın zorakı davranışına sərt etirazını bildirib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktını qətiyyətlə pisləyib.
Britaniya Azərbaycanlıları Assosiasiyası, Şimali İrlandiyanın Azərbaycan icması adından Birləşmiş Krallıq ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bu vandalizm aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi dəyərləndirilib.
Soydaşlarımız yerli ictimaiyyəti və beynəlxalq təşkilatları həmin zorakılıq faktının araşdırılmasına, lazımi hüquqi qiymət verilməsinə çağırıb və Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb ediblər.
Britaniyanın XİN başçısına yazılan məktub
Daha sonra Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova Ermənistanda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə məktubla müraciət edib.
Məktubda Azərbaycan Ordusu əsgərlərinin Ermənistana əsir düşmələri səbəbinə aydınlıq gətirilib, hərbçilərimizə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət çəkilib. Cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Azərbaycanlı hərbçilərə işgəncə verilməsini qətiyyətlə pisləyən icma rəhbəri britaniyalı naziri bu məsələyə müdaxilə etməyə çağırıb: “Böyük Britaniyanın beynəlxalq hüququn pozulmasına dözməyəcəyinə dair dünyaya aydın mesaj göndərməyimiz və bizim bu iki əsgər barədə ədalətə nail olmaq üçün səylər göstərən Azərbaycan hökuməti ilə həmrəy olduğumuzu bildirmək vacibdir. Biz inanırıq ki, insan haqlarını və qanunun aliliyini müdafiə etməklə biz dünyanı hamı üçün daha təhlükəsiz və daha ədalətli məkana çevirə bilərik”.
Eyni zamanda Moldovadakı icmamız beynəlxalq birliyin diqqətini Ermənistanın barbarlığına yönəldib.
Moldovada fəaliyyət göstərən Azərbaycan icması Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi və İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması kimi vandalizm aktlarını qətiyyətlə pisləyib.
Ermənistana sanksiya tətbiq edilsin!
Moldova Azərbaycanlıları Konqresi adından BMT-nin, ATƏT-in Kişinyovdakı nümayəndəliklərinə və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatlarında Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsi səbəbinə aydınlıq gətirilib. Azərbaycan əsgərinə verilən işgəncədən cəmi bir gün sonra Ermənistanda növbəti vandalizm aktının – Azərbaycan bayrağının yandırılmasının baş verdiyinə diqqət cəlb edilib.
Azərbaycan bayrağına qarşı yolverilməz davranışın Ermənistanın baş nazirinin iştirak etdiyi mötəbər tədbirin canlı yayımı zamanı İctimai Televiziyanın əməkdaşı tərəfindən həyata keçirildiyi, bu cür nifrət mühitinin təhlükəsizlik baxımından Azərbaycan atletlərinin yarışda iştirakını qeyri-mümkün etdiyi xüsusilə vurğulanıb.
Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyini xatırladan Moldova Azərbaycanlıları Konqresi müvafiq beynəlxalq təşkilatlardan hər iki zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini, Avropa Ağır Atletika Federasiyası tərəfindən Ermənistana qarşı sanksiyalar tətbiq olunmasını tələb edib.
Moldova azərbaycanlıları beynəlxalq idman ictimaiyyətini etiraz səsini ucaltmağa, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə çağırıblar.
Latın Amerikasında fəaliyyət göstərən soydaşlarımız da Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini vandalizm aktı kimi qətiyyətlə pisləyiblər. Latın Amerikasının Azərbaycan Cəmiyyəti adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərlərinin Ermənistana əsir düşməsi səbəbləri izah edilib. Eyni zamanda Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi vurğulanıb.
İsraildən tələb: əsirləri azad edin!
Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı İsraildə fəaliyyət göstərən diasporumuzun da kəskin etirazına səbəb olub.
“İsraildə Azərbaycan Evi” diaspor təşkilatının adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda hərbçilərimizin Ermənistana hansı şəraitdə əsir düşmələrinə toxunulub. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib, cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən “İsraildə Azərbaycan Evi” beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Gununsesi.info