
Rusiya prezidenti Vladimir Putinin yekun illik mətbuat konfransının anonsu və onun hərbi komandanlıqla nümayişkaranə görüşləri, yəqin ki, artıq Kreml rəhbərinin seçki kampaniyasının elementidir.
Gununsesi.info xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi noyabrın 15-nə olan kəşfiyyat icmalında bu barədə qeyd edilir.
Noyabrın 9-da Kreml Vladimir Putinin 2023-cü ilin sonunda “xalqdan” çağırışlarla ənənəvi yekun mətbuat konfransı keçirəcəyini bildirib. 2022-ci ildə Putinin ənənəvi yekun mətbuat konfransı keçirilməyib. Müşahidəçilər bunu Kremlin Ukraynadakı uğursuzluqları səbəbi ilə izah edirlər.
“Kreml planlaşdırıcıları, demək olar ki, bu hadisəni Putinin 2024-cü ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində beşinci müddətə prezidentliyi üçün gözlənilən kampaniyasının mühüm mərhələsi kimi qiymətləndirirlər. O, çox güman ki, 2023-cü ilin sonuna qədər namizədliyini elan edəcək”, – icmalda qeyd edilir.
Onlar həmçinin Putinin son dörd həftədə Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahına ikinci səfərini və orada Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdüyünü xatırlayırlar.
Analitiklərin fikrincə, Putin seçkilərə hazırlaşarkən beləcə “vətənpərvər” obrazı yaratmağa davam edir.
Ən son rəylərdən birində Britaniya kəşfiyyatı Rusiyanın “Vaqner” silahlı qruplaşmasına nəzarəti necə gücləndirdiyini də təsvir edib.
Xatırladaq ki, oktyabrda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Şuraya üzv dövlətləri Vladimir Putinin hazırkı prezidentlik müddəti başa çatdıqdan sonra onu qeyri-legitim kimi tanımağa çağırıb və Rusiyanı diktatura elan edib.
Gununsesi.info