“Zirə” autsayderi, “Neftçi” “Sabah”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında 36 xalla 3-cü pillədə qərarlaşan “Zirə” 14 xalla sonuncu olan “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionundakı matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Komandalar indiyədək ölkə çempionatında 18 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 11-də meydan sahibləri, 3-də qonaqlar qələbə qazanıblar. 4 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də Rəşad Sadıqovun baş məşqçi olduğu kollektivin xeyrinədir – 25:10.

“Zirə” 9 oyundur uduzmur. “Səbail” son 4 matçda xal qazanmayıb.

Turun son oyununda “Neftçi” “Bakcell Arena”da “Sabah”la qarşılaşacaq. Hazırda “ağ-qaralar” 41 xalla 2-ci, “ağ-göylər” isə 32 xalla 5-cidir. Görüşün baş hakimi Kamal Umudlu olacaq.

İki komanda bunadək Premyer Liqada öz aralarında 14 oyun keçirib. 11 qarşılaşmada meydan sahibləri, 1 matçda qonaqlar qələbəni bayram ediblər. 2 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də flaqmanın üstünlüyü var – 27:8.

“Neftçi” bütün oyunlarda qol vurub. Son 4 qarşılaşmada meydan sahibi qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası, XXIII tur

16 aprel (şənbə)

18:15. “Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.

20:30. “Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”.

Qeyd edək ki, ilk oyun günündə “Qəbələ” evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçəyə razılaşıb, “Qarabağ” isə “Şamaxı”nı darmadağın edib – 8:0.

Gununsesi.info