
İspaniyanın məşhur geyim markası “Zara”nın yeni reklam kampaniyası böyük etiraz doğurub.
Gununsesi.info xəbər verir ki, “The Jacket” (“Gödəkçə”) adlı reklamda model Kristen Makmenami kəfənə bükülmüş maneken daşıyır. Dağılmış yerdə digər manekenlərin qolları və ayaqları olmadığı görünür.
Reklam sosial şəbəkələrdə “Qəzzadakı qətliamdan ilhamlandılar” kimi tənqidlərə səbəb olub. Bir çox insan bu görüntülərin İsrailin Qəzzada iki aydan çox davam edən və minlərlə insanın həyatını itirdiyi qətliamını xatırlatdığını ifadə edib.
Sosial media platformalarında da “”Zara”nı boykot etmək” çağırışları sürətlə artıb.
Bəzi istifadəçilər reklamın fonunda kartonun üzərindəki formanın Fələstin xəritəsini xatırlatdığını da iddia ediblər.
Bir çox istifadəçi “”Zara” müsəlmanları və İsrailin Qəzzada törətdiyi qətliamı ələ salır” şərhini yazıb.
Bir çox ərəb təsir edənlər də reklamı görəndə şoka düşdüklərini qeyd ediblər.
“Zara” reaksiyalarla bağlı açıqlama verməsə də, reklam fotolarını silib.
Gununsesi.info