
Gədəbəy Rayon sakini Taleh Rüstəmov görünməmiş qanunsuzluqla üzləşib.
Bu qanunsuzluğu edən isə Ədliyyə Nazirliyidir.
Belə ki, vətəndaş Taleh Rüstəmov öz şəxsi mənzilini 2014-cü ildə ümumi etibarnamə ilə başqasına satıb. Evi alan şəxs əmlakı öz adına keçirməyib.
Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun qardaşı olan Taleh Rüstəmov qardaşının həbsindən sonra onların əmlakına qoyulan həbsin içərisində satdığı mənzil də olub.
Taleh Rüstəmov deyir ki, Saleh Rüstəmovun barəsində 2019-cu ildə hökm çıxarılanda da bu ev də müsadirə olunan əmlakların arasında olub: “Baxmayaraq ki, bu ev bizə məxsus deyil və içində ailə qalır, bildiriblər ki, sabah saat 10:00-da gəlib evə girəcəklər”.
T.Rüstəmovun sözlərinə görə, ona məxsus olmayan və başqasına satdığı ev müsadirə olunur: “Mən 20 il Bakıda yaşamışam. Bakıda yaşayanda ev alıb təmir edirdim və satırdım. Bir nəfər məndən etibarnamə ilə ev alıb, dedi ki, özüm öz adıma rəsmiləşdirəcəm, sonra vəfat etdi. Yaxınları da rəsmiləşdirmədilər, ev elə da qaldı. İndi isə icraçılar gəlib deyirlər ki, evi müsadirə edirik, əşyaları depoya qoyuruq. Evdə 4-uşaqlı ailə yaşayır”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib.