
Ukrayna prezidenti Vladimir Zelenski tibbi marixuananın leqallaşdırılması haqqında qanunu imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna parlamentinin saytındakı məlumatda deyilir.
Sənəd fevralın 16-dan qüvvəyə minir.
Qanun tibb, sənaye, təhsil və elmi fəaliyyətlərdə marixuana dövriyyəsini tənzimləyəcək.
Marixuananın istirahət məqsədi ilə qanunsuz dövriyyəsi və ya yayılması Ukraynanın narkotik vasitələrin dövriyyəsi haqqında qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaq.
Yalnız xüsusi lisenziya və sertifikatı olan hüquqi şəxslər tibbi marixuana yetişdirə biləcəklər.
Ukrayna parlamentinin deputatları 2021-ci ildə tibbi marixuananın leqallaşdırılması ilə bağlı qanun layihəsinə baxıblar, lakin o zaman səsvermə baş tutmayıb. Təsdiq olunmuş sənəd ötən ilin iyununda qanunverici orqana təqdim edilib. Onu Ukrayna prezidenti Vladimir Zelenski dəstəkləyib.
Gununsesi.info