Rusiyaya qarşı önləm: Ağ Ev “milli təhlükəsizliyə təhdid”i açıqladı

Ağ Ev bəyan edib ki, hazırkı milli təhlükəsizliyə təhdid Rusiyanın “peyk sistemlərini hədəfə almaq” qabiliyyətidir.

Gununsesi.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi gündəlik mətbuat brifinqindəABŞ ictimaiyyətinin gündəmində olan “milli təhlükəsizlik təhdidi” müzakirələrinə aydınlıq gətirib.

Ciddi milli təhlükəsizlik təhdidi olaraq müzakirə edilən məsələnin Rusiyanın inkişaf etdirdiyi “peykləri hədəf alma qabiliyyəti” ilə əlaqəli olduğunu bildirən Kirbi, bunun bir kəşfiyyat məsələsi olduğu üçün daha ətraflı məlumat verməyəcəyini vurğulayıb.

“Təsdiq edə bilərəm ki, bu, Rusiyanın inkişaf etdirdiyi peyk hədəfləmə qabiliyyətidir. Bu, hazırda aktiv və ya istifadədə olan bir qabiliyyət deyil, lakin yenə də Rusiyanın bu qabiliyyəti əldə etmək səyləri həyəcan vericidir. Bu, hazırda heç kim üçün qaçılmaz təhlükəsizlik təhlükəsi yaratmır. Biz dünyada fiziki məhvə səbəb ola biləcək və ya insanları hədəfə alan silahdan danışmırıq”, – deyə o əlavə edib.

Davamlı suallara rəğmən Rusiyanın inkişaf etdirdiyi “qabiliyyətin” nə olduğu ilə bağlı təfərrüatlara varmayan Kirbi, bu təhlükənin yaxın müddətli deyil, orta və uzunmüddətli təhlükə olduğunu və məsələ ilə bağlı müvafiq müttəfiq ölkələrlə əlaqə saxladıqlarını bildirib.

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner dünən verdiyi yazılı açıqlamada “ABŞ-ın ciddi bir milli təhlükəsizlik təhdidi ilə üz-üzə qaldığını” və prezident Co Baydenin Konqreslə bağlı bütün məlumat və sənədləri paylaşması lazım olduğunu bildirib.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan da dünənki qiymətləndirməsində artıq məsələni izlədiklərini vəbu gün müvafiq Komitə üzvləri ilə məsələni müzakirə edəcəklərini bildirib.

Bəzi Respublikaçı və Demokratik Konqres üzvləri də Kəşfiyyat Komitəsinin sədri Törnerin kəşfiyyat məsələsi ilə bağlı belə bir açıqlama verməsini uyğun görmədiklərini ifadə etdilər.

ABŞ mediasında Rusiyanın kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırdığına dair iddialar var idi. Kremlin sözçüsü Dmitri Peskov bu iddiaların saxta olduğunu bildirib.

Gununsesi.info