
ABŞ federal prokurorluğu Demokratlar Partiyasının Nyu-Cersi ştatını təmsil edən senator Bob Menendesin arvadı, erməni əsilli Nadiye Arslanyanı rüşvət almaqda ittiham edib. Artıq onun barəsində istintaq da başlayıb.
Bu barədə Publika.az-a danışan deputat Nəsib Məhəməliyev deyib ki, Bob Menendes, uzun illər ərzində Türkiyə və Azərbaycan əleyhinə bir çox qərəzli layihələrin təşəbbüskarı kimi tanınıb:
“O, hər zaman qatı ermənipərəst mövqeyi ilə seçilib. Prokurorluq rüşvətlə yanaşı, Arslanyanın çoxsaylı qiymətli hədiyyələr aldığı barədə məlumatlara da malikdir. Satqınlığa meylli siyasətçilər müxtəlif yollarla ələ alınır. O, erməni diasporunun maraqlarına xidmət edən senator kimi ad çıxarıb.
Düşünürəm ki, yaxın zamanlarda bir çox üstüörtülü mətləblərə aydınlıq gətiriləcək, Amerikanın milli maraqlarına zidd siyasətlə məşğul olan, “türk düşməni” adını qazanmış Bob Menendesin və arvadının gizli fəaliyyətləri ifşa olunacaq”.
Gununsesi.info