Turan Rzayev: Süni intellekt vasitəsilə hazırlanan saxta məlumatlar informasiya mühitinə etimadı zəiflədir

  • Müəllif: Firuzə
  • 01 Oktyabr 2026 15:26

Süni intellekt texnologiyalarının inkişafı informasiya manipulyasiyasının yeni və daha mürəkkəb formalarının yaranmasına səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri politoloq Turan Rzayev səsləndirib.

O bildirib ki, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, səslər və videoların həqiqi materiallardan fərqləndirilməsi getdikcə çətinləşir.

“İnsanlar yalnız yanlış məlumatla qarşılaşmır, eyni zamanda ümumilikdə informasiya mənbələrinə olan etibarını da itirə bilirlər. Bu isə ayrı-ayrı media qurumlarının reputasiya problemindən daha böyük məsələdir. Söhbət bütövlükdə informasiya mühitinin etibarlılığından gedir”, – deyə Turan Rzayev qeyd edib.

Politoloq Prezident İlham Əliyevin AQEM Media Forumunun iştirakçılarına müraciətində də bu məsələyə diqqət çəkildiyini bildirib.

Dövlət başçısının müraciətində dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanmasının ictimai etimada birbaşa təsir göstərdiyi vurğulanıb.

Turan Rzayevin sözlərinə görə, sosial media və rəqəmsal platformaların informasiya məkanındakı rolu sürətlə artır. Bu isə media və informasiya istehsal edən bütün platformaların məsuliyyətini daha da aktuallaşdırır.

Orxan

Gununsesi.info