Azad qadın - Firuzə Mahmudova yazır…

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2026 12:49

“Azad qadın” deyəndə nə düşünürük?

İşləyən, öz pulunu qazanan, təhsil alan, öz qərarını özü verən qadın?

Bəlkə də, azadlıq bütün bunlardan daha böyük bir şeydir.

Cəfər Cabbarlının “Sevil”ini xatırlayıram.

Sevilin dəyişimi təkcə çadranı çıxarması deyildi. O, illərlə susduğu yerdə danışmağa, başqasının müəyyən etdiyi həyatdan çıxıb öz həyatının sahibi olmağa başladı. Çadranı çıxarır, amma əslində, təkcə üzündəki çadranı çıxarmır. İçində illərlə daşıdığı qorxudan, itaətdən və “mən nə deyə bilərəm ki?” düşüncəsindən də azad olur.

Cabbarlının Sevilində qadın azadlığı məhz burada başlayır: qadının özünü bir insan, bir şəxsiyyət kimi görməsində.

İllər əvvəl Cəlil Məmmədquluzadə yazırdı:

“Şərq qadını məsələsi mənim köhnə dərdimdir.” O “köhnə dərd” bu gün də tam bitməyib.

Bəs XXI əsrin azad qadını kimdir?

Məncə, azad qadın ailəsində, dostları arasında, işində azad düşünən, fikrini rahat ifadə edən, sözünü deməkdən çəkinməyən qadındır.

Bu gün cəmiyyətimizdə qadın azadlığına münasibət əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Qadının oxuması, işləməsi, pul qazanması, ictimai həyatda görünməsi artıq əvvəlki kimi təəccüblə qarşılanmır. Qadının yalnız evdə oturub uşağına, ərinə, qayınanasına, qayınatasına xidmət etməli olduğu düşüncəsi əvvəlki qədər güclü deyil.

Bəzi yerlərdə “el nə deyər?” sualı qadının öz istəyindən daha ağır gəlir.

Bir də başqa bir həqiqət var. Azad qadın da bəzən öz azadlığından keçir. Övladı üçün, valideyni üçün, ailəsi üçün… Öz istəyini təxirə salır, arzusundan vaz keçir, nəyisə qurban verir. Amma bunu məcbur olduğu üçün deyil, bəzən özü seçdiyi üçün edir.

Bəlkə də, azadlıq hər istədiyini etmək deyil. Azadlıq seçim haqqının səndə olmasıdır.

Bəs görəsən, azad qadın olmaq üçün mütləq cəmiyyətin icazəsini gözləməliyikmi?

Bəlkə əsl azadlıq elə başqalarının nə düşünəcəyindən qorxmadan, özümüz kimi yaşaya bildiyimiz yerdən başlayır?

Üstəlik, bu münasibət ölkənin hər yerində eyni deyil. Paytaxtda və bəzi şəhərlərdə qadının sərbəstliyi daha rahat qəbul olunsa da, bəzi bölgələrdə köhnə stereotiplər hələ də yaşayır. “El nə deyər?”, “Qadına yaraşmaz”, “Qadın belə etməz” kimi düşüncələr hələ də bir çox qadının qarşısında görünməz sərhədlər çəkir.

Deməli, biz qadın azadlığını tam qəbul etmiş cəmiyyətə hələ çevrilməmişik. Sadəcə bu yolda müəyyən məsafə qət etmişik.

Bəlkə də, əsl azadlıq qadının nə geyinməsində, nə qədər qazandığında, nə qədər sərbəst gəzməsində deyil. Bəlkə də, ən böyük azadlıq öz fikrini deməkdən qorxmamaqdır.

Və sonda özümə bir sual verirəm:

Bəs azad qadın olmaq üçün mütləq cəmiyyətin icazəsini gözləməliyikmi?

Ola bilsin, əsl azadlıq elə buradan başlayır – başqalarının bizim haqqımızda nə düşünəcəyindən qorxmadan, özümüz kimi yaşamaqdan.

Firuzə Mahmudova

Gununsesi.info