
ABŞ prezidenti Donald Tramp Ağ Evdə ABŞ-ın Moskvadakı səfirliyinin keçmiş əməkdaşı, Rusiyada narkotik qaçaqmalçılığı ittihamı ilə 14 il həbs cəzasına məhkum edilmiş Anglo-Amerika məktəbinin müəllimi Mark Fogeli qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Tramp CNN-ə açıqlama verib.
Görüş zamanı Tramp bildirib ki, çərşənbə günü başqa bir amerikalı da geri qaytarılacaq, amma bununla bağlı ətraflı məlumat verməyib.
Trampın sözlərinə görə, Fogelin azad edilməsi Ukraynadakı müharibənin bitməsi üçün çox mühüm bir addım ola bilərdi:“Və biz prezident Putinə etdikləri üçün təşəkkür edirik”.
Bildirilir ki, Ağ Ev, Fogelin azad edilməsi barədə danışarkən, onun mübadilə yolu ilə azad edildiyini vurğulayıb, amma Rusiya ilə razılaşmanın şərtləri barədə heç bir məlumat verməyib. Xəbərin yazıldığı vaxtda, Rusiya tərəfi Fogelin azad edilməsi ilə bağlı heç bir açıqlama verməyib. Hazırda Fogelin əvəzində dəyişdirilə biləcək ruslar barədə məlumat yoxdur.
Xatırladaq ki, ən son böyük məhbus mübadiləsi 2024-cü ilin avqustunda Rusiya ilə Qərb ölkələri arasında baş tutub. Ümumilikdə 26 nəfər mübadilə edilib. Rusiya, Almaniyaya və ABŞ-a Rusiyada həbsdə olan siyasi məhbusları və amerikalı vətəndaşları verib. Buna qarşılıq olaraq, Rusiya Qərb ölkələrindən FSB, GRU, SVR agentlərini və rus hakerlərini alıb.
Marka Fogel 2021-ci ilin avqustunda Şeremetyevo hava limanında saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, gömrük yoxlaması zamanı onun bagajında kannabis və haşiş yağı tapılıb. Fogel özü həkiminin bel ağrıları üçün təyin etdiyi 17 qram tibbi marixuana daşıdığını bildirib. 2022-ci ilin iyun ayında isə Fogel Rusiyada 14 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.
Ximki Şəhər Məhkəməsinin mətbuat xidməti, işi araşdıran məhkəmənin, onun tamamilə günahını etiraf etdiyini açıqlayıb.
ABŞ Dövlət Departamenti isə, Fogelin saxlanılmasını və məhkəməyə verilməsini qanunsuz hesab edib.
Şəbnəm