“Tramp İran rejiminə ciddi xəbərdarlıq etməlidir” -SİYASİ ŞƏRHÇİ

İranda hazırda davam edən etiraz aksiyaları çərçivəsində saxlanılanlar  barəsində ölüm hökmü çıxarılıb.

Onlardan biri də Erfan Soltanidir.

26 yaşlı E.Soltani yanvarın 14-də edam ediləcək.

Bildirilib ki, o, yanvarın 9-da Kərəc şəhərində saxlanılıb. Bununla yanaşı, ona qarşı sürülən ittihamlar da məlum deyil.

Gununsesi.info bildirir ki, siyasi şərhçi Elşad Paşasoy məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp 25 faizlik rüsumlarla bağlı siyasəti bir kənara qoyaraq İran rejiminə ciddi xəbərdarlıq etməlidir.

“Elə bir mesaj verilməlidir ki, hər edam edilən etirazçıya görə azı bir nöqtəvi zərbə olacaq. Molla rejimi artıq 600-dən çox insanı qətlə yetirib, həbs olunan azı 10 min nəfər arasından seçilən fəalların edamını davam etdirərsə, bu, açıq şəkildə dünyaya meydan oxumaq deməkdir”, – deyə Elşad Paşasoy vurğulayıb.

O bildirib ki, Azərbaycanın qonşuluğunda gərginliyin artmasını heç kim istəmir və rəsmi Bakı da bütün dünyada sülhün tərəfdarıdır:

“Bununla belə, İranda və Cənubi Azərbaycanda qətlə yetirilən, edam təhlükəsi ilə üz-üzə qalan azərbaycanlıların taleyi ciddi narahatlıq doğurur.

Bütün Türk dünyası, Türkiyə başda olmaqla, İran hakimiyyətinə müraciət etməli, məhkəməsiz edamların dərhal dayandırılmasını tələb etməlidir. Əks halda, daha çox insan həyatını itirəcək, fəallar məhv ediləcək və türklərə qarşı repressiv siyasət yürüdən, ana dilində təhsil hüququnu belə tanımayan bir rejim uzun illər mövcudluğunu davam etdirəcək”.

 

 

Şəbnəm

Gununsesi.info