Tovuz sakini kredit vədi ilə aldadılıb

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini Məmmədov Vüqar Hidayət oğlu dələduzluqla üzləşdiyini iddia edir.

Bu barədə o Gununsesi.info-ya müraciət edib.

Vətəndaşın sözlərinə görə, ona “WhatsApp” vasitəsilə naməlum şəxslərdən zəng gəlib. Zəng edənlər özlərini “Expressbank” əməkdaşları kimi təqdim edərək ona kredit təklif ediblər.

Vüqar Məmmədov bildirib ki, əvvəlcə 1500 manat kredit istədiyini deyib. Daha sonra ona 2300 manat kredit götürə biləcəyi, məbləğin 36 ay müddətinə aylıq 70 manat ödənişlə qaytarılacağı bildirilib. Təkliflə razılaşan vətəndaşdan şəxsiyyət vəsiqəsinin məlumatları tələb olunub və kreditin 24 saat ərzində veriləcəyi vəd edilib.

Onun sözlərinə görə, qarşı tərəf bank kartı da istəyib. O isə həyat yoldaşının maaş kartının məlumatlarını göndərib. Vətəndaş əvvəlcə şübhələnsə də, qarşı tərəfin vədlərinə inanaraq məlumatları təqdim edib.

Hadisədən sonra polis şöbəsinə üz tutub. Bankdan hesab çıxarışı əldə edildikdən sonra kibercinayətkarlığın qurbanı olduğunu öyrənib. Onun iddiasına görə, hadisədə üç nəfərin iştirakı olub.

Vüqar Məmmədov aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və günahkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasını istəyir.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info