Suraxanı məhkəməsindən baş redaktora Mətbuat Günü “hədiyyəsi”

  • By admin
  • 21 İyul 2023 23:29
Bu ilin əvvəlindən Suraxanı Məhkəməsində Naxçıvan Teleradio Şurasının üzvü Sara Əzimovanın tanınmış jurnalist, ovqat.com saytının baş redaktoru Heydər Oğuza qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılırdı.
S.Əzimova paylaşdığı bir məlumatı H.Oğuzun tənqidi məzmunda şərh etməsindən narazı qalmış, məhkəmədən jurnalistin böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdi.
Məhkəmənin gedişində təhqir ittihamı geri götürülmüşdü.
Məhkəmə bu gün-  Mətbuat Günü öncəsi başa çatdı. Məhkəmə Heydər Oğuzu rəy, mülahizəsinə görə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli saydı, 6 ay müddətinə islah işləri cinayət cəzasına məhkum edib.
Avropa Məhkəməsi Azərbaycanla bağlı işlərdə jurnalistlərə yazılarına, düşüncələrinə görə cinayət cəzası verilməsini dəfələrlə ifadə azadlığı hüququnun pozuntusu sayıb, dövlətin üzərinə təzminat ödəmək, qanunvericiliyi dəyişdirmək öhdəliyi qoyub. Həmin qərarların icrası ilə bağlı Azərbaycan hökumətinin Avropa Şurası Nazirlər Komitəsinə təqdimatlarında da jurnalistlərə defamasiyaya görə cinayət cəzalarının aradan qaldırılmaqda olduğu təkrar-təkrar vurğulanmaqdadır.
Qeyd edək ki, Heydər Oğuz Naxçıvan Muxtar Respublikası Aəli Məclisinə sədrlik edən Vasif Talıbovun ciddi tənqidçilərindən biri olub.
Xalid
Gununsesi.info