Tarixçi-alim: “Efirə pul ver, ekspert ol - televiziya efirlərində saxta ekspert problemi gündəmdə

  • Müəllif: Orxan
  • 27 Avqust 2026 10:55

Tarixçi-alim Zaur Əliyev televiziya efirlərində ekspert kimi təqdim olunan şəxslərin peşəkarlığı, təhsili və fəaliyyətinin nə dərəcədə yoxlanılması məsələsini gündəmə gətirib.

Gununsesi.info xəbər verir ki, Zaur Əliyev xaricdə təhsil adı ilə çoxsaylı ailələri aldatmaqda ittiham olunan Nigar Fərhadın həbs edilməsinə toxunaraq, onun müxtəlif televiziya proqramlarında ekspert və aparıcı kimi təqdim edilməsinin ciddi suallar doğurduğunu bildirib.

Alimin fikrincə, əsas suallardan biri jurnalistika və ya media təhsili olmayan şəxslərin hansı əsaslarla televiziya kanallarında aparıcı və ekspert kimi efirə buraxılmasıdır.

“TV kanallar efiri pula görə hər kəsə verə bilir. İkinci sual isə budur: bu Nigarı efirlərə ekspert kimi dəvət edən aparıcılar kimdir? Belə çıxır ki, istənilən şəxsi pul müqabilində efirə çıxarmaq mümkündür. Bəs niyə həmin şəxslərin məsuliyyəti araşdırılmır?” – deyə Zaur Əliyev yazıb.

O, problemin yalnız bir şəxslə məhdudlaşmadığını vurğulayıb.

Onun sözlərinə görə, müxtəlif sahələr üzrə kifayət qədər peşəkar hazırlığı olmayan şəxslər televiziya proqramlarında ekspert qismində çıxış edir və bunun nəticəsində tamaşaçı həmin şəxslərə etibar edə bilir.

Zaur Əliyev xüsusilə həkim, psixoloq, hüquqşünas, kosmetoloq, alim və digər peşə sahiblərinin efirə dəvət olunarkən onların təhsilinin və peşə fəaliyyətinin yoxlanılmasının vacibliyini qeyd edib.

Alim hesab edir ki, televiziya efirində ekspert kimi təqdim olunan şəxsin statusu tamaşaçı üçün müəyyən etibar yaradır. Buna görə də saxta və ya qeyri-peşəkar şəxslərin efirdə ekspert kimi təqdim edilməsi sonradan insanların aldadılmasına şərait yarada bilər.

“Bu məsələ bir şeyi ortaya çıxarır: efirlər alınıb-satılır. Pulu ver, istədiyin efirdə ekspert ol. Təhsilin oldu-olmadı, fərqi yoxdur. Hətta aparıcı da ola bilərsən”, – deyə o bildirib.

Zaur Əliyev həmçinin televiziya kanallarının rəhbərliyinin və efirə ekspert dəvət edən şəxslərin məsuliyyətinin araşdırılmasını tələb edib.

Onun fikrincə, əgər bir şəxs sonradan fırıldaqçılıq və ya saxtakarlıqla bağlı cinayət işində təqsirləndirilirsə, həmin şəxsin televiziya efirlərində hansı təqdimatla və hansı əsaslarla çıxış etdiyi də araşdırılmalıdır.

Alim çıxış yolu kimi efirə dəvət olunan ekspertlərin əvvəlcədən yoxlanılmasını təklif edib.

O hesab edir ki, şəxsin təhsili, peşə fəaliyyəti, ixtisası və dəvət olunduğu mövzu üzrə real təcrübəsi nəzərə alınmalı, zəruri hallarda müvafiq qurumlardan rəsmi təsdiq alınmalıdır.

Zaur Əliyevin təkliflərinə əsasən, həkimlər, kosmetoloqlar, vəkillər, alimlər və digər peşə sahibləri yalnız ixtisaslarını təsdiqləyən məlumatlar yoxlanıldıqdan sonra ekspert qismində efirə dəvət edilməlidir. Media və aparıcılıq fəaliyyəti ilə məşğul olan şəxslərin də peşəkar hazırlığına diqqət yetirilməlidir.

O, televiziya kanallarında ekspertlərin seçilməsi mexanizminin şəffaflaşdırılmasının vacibliyini vurğulayaraq, bunun həm tamaşaçıların yanlış məlumatlandırılmasının, həm də televiziya efirindən istifadə etməklə insanların etimadının sui-istifadə edilməsinin qarşısını ala biləcəyini bildirib.

Xatırladaq ki, “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb.

O, efir aparmaqla yanaşı, həm də bir çox efirlərə ekspert kimi dəvət olunurdu.

Elmar
Gununsesi.info