“Tərtər işgəncələri” məhkəməsini izləyən jurnalist yazır - "Dəhşət" kəlməsi də o mənzərəni təsvir etmək üçün yetərsizdir

  • By admin
  • 06 Aprel 2023 18:26

Tərtər işgəncələri”lə bağlı məhkəmələri izləyirəm, bacardıqca yazıb ictimailəşdirirəm. Yaşananları sözlə ifadə etmək, çatdırmaq mümkün deyil. “Dəhşət” kəlməsi də o mənzərəni təsvir etmək üçün yetərsizdir”.

Gununsesi.info bildirir ki, bunu “Tərtər İşi” ilə bağlı məhkəmə prosesini izləyən jurnalist Aytən Məmmədova özünün sosial şəbəkə hesabında yazıb.

HTML tutorial

O, daha sonra əlavə edir:

Yüzlərlə insanın başına torba keçirilir, köhnə hərbi hissə binasına gətirilir, etiraf və ya bir-birinə qarşı ifadə üçün işgəncələr başlayır: qara maskalılar tərəfindən tikanlı məftillərlə, plastik, dəmir borularla döyülmələr; suda boğulmalar; dırnaqların çıxarılması; bədəndə siqaret söndürülməsi; bədənə, qulağa, hətta cinsiyyət orqanına tok verilməsi… Təhqirin, söyüşün də sərhədi yox…

Keçək başqa məsələyə. Cinayət işinin materiallarının az qala, hər səhifəsində, ifadələrin demək olar hamısında o dövrdəki korpus komandiri, general Hikmət Həsənovun adı çəkilir. Məlum olur ki, Hikmət Həsənov işgəncələrdə, insanların ləyaqətinin alçaldılmasında birbaşa iştirak edib. Amma ortada yoxdur…

 

Təkcə Hikmət Həsənov deyil. 2020-ci ildə Qarabağ müharibəsində iştirak etmiş, medal almış başqa yüksək vəzifəlilərin də işgəncələrdə iştirakıyla bağlı kifayət qədər ifadələr var. 2020-ci ilin noyabrında mina partlayışında ölən polkovnik Babək Səmidlinin hərəkətlərindən şikayətlənən zərərçəkənlər də kifayət qədərdir. Eləcə də digər ordu generalı Mais Bərxudarov…

 

Mən hələ 2017-ci ildə Tərtər hadisələri zamanı bir neçə nəfərin işgəncə ilə öldürülməsinə görə məsuliyyət daşıyan, 2020-ci ildə müharibədə iştirakına görə orden və medallarla təltif olunan Sənan Maşıyev, Ruslan Mikayılov, Polad Əzizov və digərlərindən danışmıram. Son adıçəkilənlər məsuliyyətə cəlb olunub…

Sadəcə, müharibədə igidliyə görə medal almış adamların öz həmvətənlərinə – əl-qolu bağlı insanlara qarşı “igidliklərindən” də xəbərdar olun deyə yazdım bunları.

Afət Abbasova 

Gununsesi.info