“Sülhməramlıların olduğu ərazilərdə anti-terror əməliyyatı keçirilə bilər”

Son günlər Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir.

Bundan əlavə, Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına xəbərdarlıq ünvanlayıb. Qeyd olunub ki, Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

Belə hallar davam edərsə, Azərbaycan tərəfi hansı addımları atmalıdır?

 

Gununsesi.info xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Modern.az-a danışıb. Onun sözlərinə görə,  ilk dəfə deyil ki, sülhməramlıların nəzarətində olan ərazilərdən erməni silahlıları Azərbaycanın torpaqlarına daxil olur və sülhməramlılar buna heç bir reaksiya vermirlər:

“Belə fəaliyyətlərin davam etməsi Azərbaycan üçün heç bir halda qəbul edilən deyil. Azərbaycan Ordusu bu kimi təxribatçı fəaliyyətlərin qarşısını almaq üçün nəticə verəcək istənilən metoddan, tədbirdən istifadə edə bilər. Hesab etmək olar ki, belə addımların qarşısının alınması üçün rəsmən açıqlanmayan tədbirlər görülür.

Bu kimi təxribatların qarşısı alınmazsa, yəni birgə bəyanat Rusiya sülhməramlıları tərəfindən görməzdən gəlinərsə, o zaman Azərbaycan Laçın dəhlizini bağlaya və sülhməramlıların nəzarətində olan ərazilərdə anti-terror əməliyyatları keçirə bilər”.