Sabir Rüstəmxanlıdan xanımına doğum günü şeiri -  YAŞINI DEMƏ

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı həyat yoldaşı Tənzilə Rüstəmxanlıya doğum günü şeiri yazıb.

Gununsesi.info “Yaşını demə” adlı şeiri təqdim edir:

Yaşını demə

Tənzilənin ad gününə

Ad günün mübarək sevincim, dərdim,
Bu günə ən gözəl duyğumu verdim,
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Bəlkə məzarıma soyuq daş gəldin
Nə zaman gəldinsə mənə xoş gəldin
İstək yaşındasan, yaşını demə!

Həsrətim sel idi axını sənə,
Nə qədər nəğməm var, oxunur sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!

Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən göndərib bəlkə,
Mələk yaşındasan, yaşını demə!

Qanımı qaynadır, səndən hər soraq,
Ruhumu dincəldir bu ev, bu otaq,
Sirrimi oxuyan, dərdimə ortaq,
Kömək yaşındasan, yaşını demə!

Sevgi yaşayırsa ilin fərqi yox,
Könlüm sənindirsə, dilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!

28 noyabr,1996.

Xanım! Sən mənə təkcə həyat yoldaşı olmadın, həm də silahdaş, sirdaş, ruhdaş oldun. İllər çox şeyi dəyişir, lakin sənin ürəyimdəki, bu şeirdəki surətin, xaraktetin və mənim duyğularım heç zaman dəyişilməyəcək. Nə yaxşı bu yolu bir yerdə keçdik və keçirik! Doğum günün qutlu olsun!

28 noyabr, 2023.

Gununsesi.info