Sərnişin təyyarəsi uçuş zolağı əvəzinə donmuş çaya endi – FOTO

Rusiyanın Yakutiya vilayətində 30 sərnişini olan təyyarənin pilotu uçuş-enmə zolağı əvəzinə hava limanının yanındakı donmuş çaya enib.

Gununsesi.info xəbər verir ki, Rusiyanın Yakutiya vilayətində Yakutsk-Zıryanka-Srednekolımsk marşrutu ilə uçan Polar Hava Yollarına məxsus AN-24 tipli keçmiş sovetlər dönəmindən qalma sərnişin təyyarəsi Zıryanka hava limanının yanındakı donmuş Kolima çayına enib.

Rusiya Federal Aviasiya Agentliyindən verilən açıqlamada sərnişinlərin təhlükəsiz şəkildə təxliyyə edildiyi, xəsarət alan olmadığı və təyyarəyə ziyan dəymədiyi bildirilib.

Bildirilib ki, hadisə yerinə ekspert qrupları göndərilib və ilkin məlumata görə, çaya eniş pilotun səhvi ucbatından baş verib, pilot uçuş-enmə zolağı əvəzinə donmuş çaya enib.

Təyyarədə 30 sərnişin və 4 ekipaj üzvünün olduğu bildirilib.

Gununsesi.info