Rusiya ilə bağlı kəşfiyyat İDDİASI: ABŞ ciddi təhlükə olduğunu açıqladı

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mike Turner “ABŞ-ın ciddi bir milli təhlükəsizlik təhdidi ilə üz-üzə olduğunu” deyib. O, ABŞ prezidenti Co Baydenin təfərrüatlarını açıqlamadığı məsələ ilə bağlı bütün məlumat və sənədləri Konqreslə bölüşməsi lazım olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Turner yazılı açıqlama verərək ölkənin ciddi milli təhlükəsizlik təhdidi ilə üzləşdiyini bildirib.

“Bu gün Kəşfiyyat Komitəsi Konqresin bütün üzvlərinə bu ciddi milli təhlükəsizlik təhdidi barədə məlumat verdi. Mən prezident Baydendən xahiş edirəm ki, bu təhlükə ilə bağlı bütün məlumatları əlçatan etsin ki, Konqres, administrasiya və bütün müttəfiqlərimiz bu təhlükəyə necə cavab veriləcəyini açıq şəkildə müzakirə etsinlər”, – Turner bildirib.

Mövzu ilə bağlı Konqres üzvlərinə göndərdiyi məktubda komitə sədri sözügedən təhlükənin “sabitliyi pozan xarici hərbi potensial”la bağlı olduğunu vurğulayıb.

Sözügedən təhlükənin nə olduğu ilə bağlı təfərrüatlara yer verilməyən Turnerin açıqlamasına Ağ Evdən cavab gəlib.

ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Ağ Evdə təşkil edilən brifinqdə mövzu ilə bağlı sualı cavablandırarkən, söz mövzusu açıqlamanı qiymətləndirdiklərini söyləyib.

Sallivan cümə axşamı müvafiq kəşfiyyat komitəsinin üzvləri ilə üz-üzə görüşəcəklərini və bu görüşdə müvafiq məsələləri müzakirə edəcəklərini, lakin Turnerin ictimaiyyətə belə bir ilkin açıqlama verməsinin onun üçün “sürpriz” olduğunu bildirib.

Amerika mediasına əks olunan bəzi xəbərlərdə məsələnin Rusiya ilə bağlı kəşfiyyat ola biləcəyi iddia edilib.

Gununsesi.info