Rüfət Səfərov MTN generalları ilə söhbətində nələrin şahidi olub? –Məhbəs xatirələrini qələmə aldı

Rüfət Səfərov MTN generalları ilə söhbətində nələrin şahidi olub? –

9 saylı cəza çəkmə müəssisəsində dustaq həyatı yaşanayn keçmiş müstəntiq Rüfət Səfərov keçmiş MTN-ın həbsdən azad edilən generalları ilə bağlı xatirələrini yazır.

 

Gununsesi.org xəbər verir ki, keçmiş müstəntiq Günün Səsi saytının baş redaktoru Pərviz Həşimli ilə bağlı xatirələrini də bölüşüb. Həmin yazını sizə təqdim edirik:

 

” IV hissə

“Şrek”in Xədicə İsmayıla, Rauf Mirqədirova vurduğu zərbənin nədən ibarət oluğunu, Ruslan Bəşirli və Azər Əhmədovu “bitirdim” dedikdə nəyi nəzərdə tutduğunu soruşmağım Çovdarovu diksindirdi, sanki yuxuda idi, ayıldı:
-Elçin nifrət etdiyim düşmənlərin adını burada çəkmə də! Onsuz da əhvalım qaydasında deyil, sən də qıcıq verən adları burada hallandırmaqla halımı lap pisləşdirirsən!
Dərhal sezdim ki, Çovdarovu adları çəkilən qələm sahiblərindən daha çox Quliyevin həddən artıq səmimi surətdə dərinliklərə getməsi əndişələndirdi və bunu hər nə qədər səfeh birisi olsa da, “Şrek”də anladı: baxmayın, adam neçə illər təhlükəsizlik zabiti olaraq staj yığıb. Başqa sözlə, sizə elə gəlməsin ki, məhbəsə düşər-düşməz ağlında kəmlik yaranan “Şrek” hər zaman belə olub, xeyr, məlumatlı dostların deməsinə görə, xidmət illərində qanuni-qanunsuz əmrləri əsasən yarıdıb…
Əsəbi, bir o qədər də aşağılayıcı tonda tutulan irada “Şrek” dişlərini ağardıb, əlini “baba”sının qoluna keçirərək irişə-irişə cavab verdi:
-Baba, bilirsən də xainlər (yəqin yuxarıdakı 4 jurnalist nəzərdə tutulur-müəllif) hər gün qəzetdə, saytda, sosial şəbəkələrdə bizi asıb-kəsirlər…, – deyib, dustaqlardan 15 dəqiqə danışmaq üçün 2 manat alan telefonçu-ədliyyə serjantı Yunisin “Elçin müəllim… Elçin müəllim…” haylamasına diqqət kəsildi. Yunis baş barmağını qulağına, çeçelə barmağınısa az qala ağzına soxub işarə edirdi ki: “Telefona çağırırlar”.
-Siz gəzin, 10 dəqiqəyə qayıdıram,- deyib, telefon otağına sarı tələsdi.
Mən özlüyümdə qərar verdim ki, darqursaqlıq etmədən səbrimi basmalıyan, tanınmış jurnalistlərlə bağlı məsələnin üstünə hələlik qayıtmamalıyam, çünki “Şrek” hürkə bilərdi… Üstəlik, əmin idim ki, Çovdarov ona möhkəm təpinəcəkdir ki, mənə çox da bel bağıamasın… Həm də arxayın idim ki, hər gün “Şrek”lə görüşüb, söhbət edirik, hərlənib-fırlanıb söhbət yenə də məlum mövzuya gələcəkdir.
-Akif müəllim, üzrlü sayın, sualı sizə vermişdim, amma Elçin müəllim sizi qabaqladı. Peşmansınız?,-deyib, başımı sağa çevirərək Çovdarova baxdım: piyi xeyli əridiyindən, boğazının dərisi əcaib formada sinəsini yalayırdı.
-A bala, arada kitab oxu.
-Müəllim, gündə oxuyuram.
-İndi nəyi oxuyursan?
Açığı, qanqsterin istənilən sualını gözləyirdim, amma kitaba dair hər hansı tövsiyəsini bəkləmirdim. Heç demə, zalım oğlu fərdi həbs yerlərini idarə etməkdən tutmuş quldurluğa, hədə-qorxu ilə tələb etməyədək istənilən işi çevirdikdən sonra kitaba da vaxt tapıbmış…
-Bu dəqiqə Hacı Allahşükür Paşazadənin Elçin müəllimə hədiyyə verdiyi Qurani-Şərifi oxuyuram.
Demək, taleyin işinə baxın ki, şərlənərək həbs olunan, 8 ay MTN-nin təcridxanasında təkadamlıq kamerada saxlanılan tanınmış jurnalist, dostum Pərviz Həşimlidən “etirafedici” ifadələr ala bilmədiyinə görə kiçik çillədə-“qışın oğlan çağında” onu lüt soyunduraraq, ən yuxarı qatdakı gəzinti kamerasına atan, saatlarla orada saxlayan, bir nəticə əldə edə bilmədikdə “karsa”a salan, – o kars ki, hərəkət etmək, yaxud oturmaq, dirsəklənmək namümkündür, yalnız dirək kimi dik durmağa şərait var,- Beynəlxalq Amnistiya Təşkilatının ard-arda verdiyi bəyanatlardan sonra təkadamlıq kameraya qaytaran Elçin Quliyev günün birində Qurani-Şərifi (akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində) və professor Fazil Qaraoğlunun “Məhəmməd Peyğəmbərin həyatı”nı mənə təqdim edərək dedi: “Sən də oxu. Müqəddəs kitabı Allaşükür Paşazadə hədiyyə edib. Xidməti kabinetimdə hər zaman başımın üstündə saxlamışam. İnan ki, bu illərdə intihar etməməyimə yeganə səbəb varsa, o da müqəddəs kitabdır. Oxuduqca rahatlayasan…”Xatırlayıram, həmin vaxt dostumuz, vəkil Bəhruz Bayramov Pərvizə baş çəkdikdən sonra deyəcəkdi: “Pərvizi lüt soyundurub, gəzinti yerinə atanda üst dəmir barmaqlıqlardan sırsıralar-buz lülələri sallanırmış…”
-Birinci dəfədir ki, Allahın Kitabını oxuyursan?
-Xeyr, illər öncə ilahiyyatçı alim Nəriman Qasımoğlunun tərcümə etdyi Qurani-Kərimi də oxumuşam.
Qanqster-general səmavi kitabdan qəfil dünyəvi mətnə keçid edərək növbəti sualını ünvanladı:
-Remarkı tanıyırsan?
-Yaxşı tanıyıram. Alman ədəbiyyatının ən sevdiyim imzası-Erix Mariya Remark.
-Hansı əsərlərini oxumusan?
– “Qərb cəbhəsində yenilik yoxdur”u, “Həyat qığılcımı”nı, “Zəfər tağı”nı,- deyə ardını gətirmək istəsəm də, sözümü kəsdi:
-Əla, demək, “Zəfər tağı”nı oxumusan… Sənin necə müstəntiq olduğun indi məlum olacaq. “Zəfər tağı”nda peşmançılıqla bağlı yadında nə qalıb?
Bir az fikirləşdikdən sonra cavab verdim:
-Yadıma salmaqda çətinlik çəkirəm.
-Bəlkə də 30 il bundan əvvəl oxumuşam həmin əsəri. Amma romanın mahiyyəti, xüsusilə, peşmançılıqla bağlı yazıçının yazdıqları hələ də yadımdadır:
“Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olarıq. Həyat bizə kamillik bəxş etməyib, kamilliyin yeri muzeydir!” İndi başa düşdün?,- deyə əsəbi tonda sual etdi.
-Akif müəllim, anladım. Demək ki, səhvli-düzlü həyatda nə etmisinizsə, peşman deyilsiniz…
Bu sətirləri yazarkən gündəliyimə diqqətlə nəzər salıram, görün, nə yazmışam:
“Qəribədir, dünya ilə işim yoxdur, Azərbaycanın insan qanına təşnə olan rütbəli qanqsterlərində kitaba qarşı bu həvəs haradandır? Hacı Məmmədovu xatırlayıram. O, günahsız adamları doğrayıb, torpağa quylayandan sonra incəsənətlə, ayrı-ayrı mətnlərlə də maraqlanarmış. İndi də Çovdarov… Bu necə olur? Buradan o nəticə hasil olur ki, qadağan olunmayan kitab bütün hallarda insanın əqlini və mənəviyyatını tərbiyə etmir. Bu yaşında Remarkı az qala, əzbər bilən Göygöz Kosa, Allah bilir, nə qədər kitab oxuyub…”
-Əlbəttə ki, yox. Sən də heç zaman peşman olma…
Bu zaman Quliyevin yanını basa-basa bizə tərəf yeridiyin gördüm. Ayaq saxladıq, yaxınlaşdı:
-Evdən idi. Bir az uşaqlarla danışdım, yüngülləşdim,- deyib, qəfil Əli Həsənovu qəsd edib söylədi:
-Baba, həyatda ən çox peşman olduğum işlərdən biri də “yeməkxana siçanı”nı vaxtında bitirməməyim oldu. Daha doğrusu, nazir imkan vermədi…
Məlum oldu ki, 80-ci illərin sonlarında Həsənovun və digərlərinin Moskvada təhsil alarkən Vəzirova ünvanladıqları xoşməramlı müraciəti çap edən qəzet Quliyevin əlinə keçibmiş. Əvvəllər belə bir müraciətdən və onu yayan qəzetdən hali olsa da, axtarıb tapa bilmirmiş. Heç demə, hiyləgər Həsənov vəzifə səlahiyyətlərinin geniş imkanları fonunda Azərbaycanın bütün kitabxanalarından, arxivlərindən həmin qəzetin nüsxələrini ilim-ilim itiribmiş. Amma Göbbelsin əli Rusiya Federasiyasına, Moskvaya çatmayıbmış. Quliyev də həmin qəzetin bir neçə nüsxəsini Moskvadan əldə edərək Bakıya gətirib, münasibətdə olduğu rəsmilərə paylayıb, bir-iki nüsxəsini də xidməti kabinetinin seyfində saxlayıbmış. Mahmudovun əmri olmadığına görə qəzetin Azərbaycan mediasında yayılması mümkün olmayıbmış. Amma bədbəxt oğlu “Şrek”in ağlına belə gəlməzmiş ki, günün birində həbs olunacaq, həmin nüsxələrsə xidməti kabinetindəki seyfdə aşkar olunacaq və heç şübhəsiz, Mehdiyev və Həsənov bundan ağah olacaq, daha qəddar düşmənə çevriləcəklər.
Kimin ağlına gələr ki?
P.S. Qismət olsa, V hissəni sabah yayacam.
P.P.S.Əvvəlki hissələri şərh bölməsində yerləşdirirəm”.

Gununsesi.org

COMMENTS