
Rusiyanın qaz ixracatçı şirkəti “Qazprom” çərşənbə günündən etibarən Avropaya “Şimal axını” kəmərilə gündəlik qaz tədarükünü sutkada 33 milyon kubmetr – kəmərin gücünün təxminən 20 faizinə qədər azaldacağını elan edib. Şirkət buna səbəb kimi “mühərrikin texniki vəziyyətini”, işləyən iki turbindən birinin işini dayandırdığını göstərib.
Bəzi dairələr bunu Avropaya qarşı yeni qaz müharibəsi kimi dəyərləndirirlər. Bəs məsələnin əsl mahiyyəti nədən ibarətdir?
Rusiyanın bu addımını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Publika.az-a açıqlamasında bildirib ki, rəsmi Kreml açıq şəkildə Avropada yaranmış enerli böhranını daha da gərginləşdirməyi düşünür:
“Moskvanın bununla bağlı öz “arqumenti” var. Kreml verdiyi bütün açıqlamalarında bu problemin onların günahı üzündən baş vermədiyini, sanksiyaların onlar tərəfindən qoyulmadığını və pul köçürmələri ilə bağlı problemləri özlərinin yaratmadığını bəyan edir. Turbinin təmirinin isə heç də Rusiyanın səhvi ucbatından gecikdirilmədiyini bildirir. Bu gün Avropada Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaların qeyri-effektiv olması ilə bağlı ciddi müzakirələr gedir. Moskva da bu durumdan istifadə edərək Avropanı sıxışdırmağa çalışır. Bu da təbii ki, yeni enerji müharibəsidir və əslində “hibrid müharibəsi”nin yeni növüdür. Avropa Birliyində vahid mövqedən çıxış etmək istəyən ölkələrin sayı azalır. Bəzi ölkələrdə, ümumiyyətlə, Rusiyaya qarşı sanksiyaların götürülməsi çağırışları səslənir. Artıq Macarıstan prezidenti Pal Şmitt belə bir çağırış edib. Bu gündən etibarən Rusiya bütün vasitələrdən istifadə edərək həm Ukraynaya, həm də Qərbə təzyiqləri daha da artıracaq. Qərbin buna cavabının nə olacağını yaxın zamanlarda verilən qərarlardan görəcəyik”.
Rusiyanın bu addımının Avropa ölkələrini pis vəziyyətdə qoyacağını deyən N.Cəfərlinin sözlərinə görə, ilk növbədə qiymətlər yüksələcək:
“Artıq bahalaşmanın ilk işartıları görünməkdədir. Son məlumata görə, qazın min kubmetrinin qiyməti 1950 dollara qalxıb. Bu rəqəm hələ rekord göstərici deyil. Mart ayında qiymət 2400-2500 dollara çatmışdı. Bahalaşmanın qarşısını almaq üçün Avropa Birliyi hazırda Əlcazairdən, Misirdən, digər qaz ixracatçı ölkələrdən, o cümlədən Azərbaycandan əlavə qaz mənbələri əldə etməyə çalışır. Əgər bu da yetərli olmasa, qiymətlər daha da qalxacaq və qış aylarında Avropanın əksər ölkələrində ciddi problemlər yaşanacaq. Problemin yaranmasında özlərinin də səhvləri olub. Almaniya zəruri baza hazırlanmadan, başqa mənbələrə çıxış imkanları genişləndirilmədən atom elektrik stansiyalarının (AES) bağlanması ilə bağlı səhv qərar verdi və bu gün alman xalqı bu qərarın altını çəkir”.
Gununsesi.info