
Rusiya Müdafiə Nazirliyi taxıl dəhlizi üçün ötən həftə imzalanan razılaşmaya əsasən qurulan Birgə Koordinasiya Mərkəzinin İstanbulda fəaliyyətə başladığını açıqlayıb.
Gununsesi.info -nun xəbərinə görə, nazirlikdən verilən açıqlamada deyilir ki, Ukrayna Limanlarından Taxılın Təhlükəsiz Daşıması üzrə Konsensus Təşəbbüsünün müddəalarına uyğun olaraq, İstanbulda Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb: “Rusiyanın aparıcı ekspert qrupu İstanbul və dördlü formatda işə başlayıb.
Sabah Milli Müdafiə Universitetində yaradılan Birgə Koordinasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdə Milli Müdafiə naziri Hulusi Akar çıxış edəcək və mərkəz haqqında məlumat verəcək.
Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov daha əvvəl cümə günü İstanbulda imzalanan sazişdən sonra taxılla yüklənmiş ilk gəminin bir neçə gün ərzində Qara dənizə gedə biləcəyini açıqlamışdı.
Oleksandr Kubrakov bildirib ki, ticarət gəmiləri konvoy təşkil edəcək və gəmiləri Ukrayna Hərbi Dəniz Qüvvələri müşayiət edəcək.
İlk mərhələdə 4 ay qüvvədə olacaq müqavilə; İstanbulda BMT, Türkiyə, Rusiya və Ukrayna nümayəndələrindən ibarət mərkəzin yaradılmasını nəzərdə tutur.
Rusiya şənbə günü Ukraynanın taxıl ixrac edəcəyi limanlardan Odessaya raket zərbələri endirib.
Ukrayna Rusiyanın limandakı taxıl anbarını hədəf aldığını açıqlayıb və Rusiya rəsmiləri bu iddianı təkzib edərək, Ukraynaya göndərilən raket sisteminin məhv edildiyini bildirib.
Bu gün Ukraynanın cənub-şərqindəki Nikolayev şəhərinin meri Oleksandr Senkeviç Rusiya qüvvələrinin şəhərdəki limanı vurduğunu açıqlayıb.
Afət Abbasova
Gununsesi.info